RU

“Bayern”də Alfonso Deyvis şoku

“Bayern”in sol cinah müdafiəçisi Alfonso Deyvis Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turunun “Feyenoord”la səfər oyununda zədələnib.

Arena.az bu barədə Almaniya nəhənginin mətbuat xidmətinə istinadən məlumat verir.

Zədənin, futbolçunun sol dizinin dizaltı vətərinin gərilməsindən ibatət olduğu bildirilsə də, Deyvisin bərpa müddəti haqda müvafiq məlumat açıqlanmayıb. Yalnız o bildirilir ki, Deyvis qarşıdakı oyunlarda komandasının xidmətində olmayacaq.

Alfonso Deyvis futbola “Edmonton İnterneyşenls” klubunda qədəm qoyub, buradan “Edmonton Straykers”ə və ardınca isə “Vankuver Uaytkeyps”ə keçərək, böyük futbolda debüt edib.

2019-cu ilin yanvarında “Bayern” 14 milyon avro məbləğində xərc çəkərək, kanadalı futbolçunu “Vankuver Uaytkeyps”dən öz düşərgəsinə qatıb. Deyvisin “Bayern”lə müqaviləsinin müddəti 2025-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Deyvis “Bayern”in heyətində 25 oyuna 1 qol və 3 məhsuldar ötürmə ilə fərqlənib.

Kanadalı futbolçunun Almaniya nəhənginin düşərgəsində çıxışının ümumi mənzərəsi isə 220 oyun, 12 qol və 34 məhsuldar ötürmədən ibarətdir.

Alfonso Deyvis 2017-ci ilin iyun ayında debüt etdiyi Kanada yığmasının heyətində 56 oyun keçirib, 15 qol vurub, 18 məhsuldar ötürmə verib.

Alfonso Deyvisin qənimətlər muzeyində “Bayern”lə qazandığı Almaniya Bundesliqası çempionluğu (5 dəfə), Almaniya Kuboku (2 dəfə), Almaniya Super Kuboku (3 dəfə), Çempionlar Liqası, UEFA Super Kuboku, FIFA Klub Dünya Kuboku var.

Fərdi qənimətlərə gəlincə, Deyvis Kanadada 4 dəfə (2018, 2020, 2021, 2022) “İlin futbolçusu” seçilib. Həmçinin Deyvis 3 qolla 2017-ci il CONCACAF Qızıl Kubokunun ən sərrast qolçusu olub.

“Transfermarkt” internet-portalı 24 yaşlı kanadalı müdafiəçinin transfer dəyərini 50 milyon avro məbləğində qiymətləndirilir.

Избранный
17
4
arena.az

10Источники