RU

Zelenskinin bu təklifi Azərbaycanın gəlirlərini artıra bilər - Rusiyanın müdaxiləsi olmasa...

2025-ci ilin yanvarın 1-dən Ukraynanın öz ərazisi ilə Rusiya qazının Avropaya nəqlini qadağan etməsindən sonra “köhnə qitə”də Azərbaycan qazına tələbat daha da artıb. Avropalılar yaranan kəsiri bağlamaq üçün Azərbaycandan daha çox qaz idxal etməyə çalışırlar.

 

 
Sfera.az
bildirir ki, mövcud ixrac infrastrukturu Avropaya ildə 20 milyard kub metr Azərbaycan qazının göndərilməsinə imkan verir. Hazırda Azərbaycan Avropaya qazı "Cənub Qaz Dəhlizi" (CQD) vasitəsilə satır. CQD 3 kəmərin birləşməsindən ibarətdir. Adıçəkilən dəhlizi Azərbaycan və Gürcüstandan keçən Cənubi Qafqaz Qaz Boru Kəməri, Türkiyədən keçən Trans-Anadolu Boru Kəməri (TANAP) və Yunanıstandan İtaliyaya uzanan Trans-Adriatik Boru Kəməri (TAP) təşkil edir. 

 


Avropaya qaz nəqlinə imkan verən TAP kəməri 2020-ci ilin dekabrın 31-dən istifadəyə verilib. Onun gələcəkdə ötürücülük qabiliyyəti 20 milyard kub metrə qədər artırılacaq. TAP-la hazırda İtaliya, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Rumıniya, Macarıstan, Serbiya və Sloveniya Azərbaycan qazını alır. 
2024-cü ildə Azərbaycan adıçəkilən Avropa ölkələrinə 12,9 milyard kub metr qaz satıb. TAP-ın işə düşdüyü son 4 ildə isə avropalılara satılan qazın həcmi 42,8 milyard kub metr olub. Ukraynanın Rusiya qazının ixracında tranzit rolunu oynamaqdan imtina etməsi Moldava, Macarıstan, Slovakiya və bəzi başqa ölkələrin qaz təchizatında kəsir yaradıb. Həmin ölkələr Rusiyadan Ukrayna vasitəsilə ildə 15 milyard kub metr qaz alırdı. İndi bu ölkələr yaranan kəsiri qapatmaq üçün gözlərini Azərbaycan qazına tikiblər. 

 


Azərbaycan razılaşmaya əsasən 2027-ci ilə qədər Avropaya satdığı qazın həcmini ildə 20 milyard kub metrə çatdıracaq. Ukraynanın kəməri bağlamasından sonra Avropa ölkələrinin əlavə daha 15 milyard kub metr qaza ehtiyacı yaranıb.

 

Ukrayna Prezidenti Volodimir Zelenski bugünlərdə Kiyevdə Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi görüşdən sonra bəyan edib ki, Ukrayna Azərbaycan qazının öz ərazisi ilə Avropaya nəqlinə şərait yarada bilər. Zelenski bununla dolayısı ilə Rusiya qazının yaratdığı boşluğu Azərbaycan qazı ilə doldurulmasını təklif edib. Qeyd edək ki, bunu texniki və siyasi baxımdan indi həyata keçirmək mümkün deyil. Azərbaycan ötən il 38,7 milyard kub metr qaz hasil edib. Bunun 25,2 milyard kub metri ixrac olunub. Azərbaycan Avropadan başqa Türkiyəyə 9,9 milyard kub metr, Gürcüstana 2,4 milyard kub metr qaz satıb. Deməli, Azərbaycan Avropaya daha çox qaz satmaq üçün hasilatı xeyli dərəcədə artırmalıdır. Bunu bir il ərzində etmək mümkün deyil. Digər tərəfdən infrastruktur da qaz satışına imkan verməlidir. Ukrayna prezidentinin təklif etdiyi variantın reallaşması üçün gərək Azərbaycan qazı Rusiya ərazisindən keçirilərək Ukraynaya, oradan isə Avropaya ötürülsün. Qaz satışına imkan verilməyən Rusiyanın buna şərait yaratması qeyri-mümkündür. Həm də onu nəzərə almaq lazımdır ki, Rusiya ilə Azərbaycanı əlaqələndirən kəmərin illik ötürücülük qabiliyyəti 2 milyard kub metrdir. Avropalıların isə daha çox qaza ehtiyacı var. 

 


Əgər uzunmüddətli dövrdə Avropa ölkələri Azərbaycandan daha çox, 2027-ci ilə qədər nəzərdə tutulan 20 milyard kub metrdən artıq “mavi yanacaq” almaq istəyirsə, Azərbaycanda qaz hasilatına və ixrac infrastrukturuna böyük sərmayələr qoyulmalı, ixrac kəmərlərinin imkanları genişləndirilməlidir. 
İstənilən halda Avropanın Rusiyadan qaz alışını azaltması Azərbaycan qazına tələbi artırır ki, bu da ölkəmizin gəlirlərinə müsbət təsir göstərir. Böyük ehtimalla Azərbaycan gələcəkdə Avropaya planlaşdırılan illik 20 milyard kub metr hədəfinə tezliklə çatacaq və ixrac bir qədər də artırılacaq. Yeni imkanlar hesabına təbii ki, Azərbaycanın gəlirləri də yüksələcək. Azərbaycanın Avropaya qaz satmağa başladığı 2020-ci ildə “mavi yanacaq” satışından gəliri 2,2 milyard dollar olduğu halda 2024-cü ildə 8,4 milyard dollara yüksəlib. Gəlirin bu dərəcədə artmasında ixrac həcminin artmasının böyük rolu var. 

 

Vasif

Избранный
4
17
sfera.az

10Источники