Süd və əncir birlikdə istehlak edildikdə sağlamlığa bir çox fayda verən qidalar arasındadır.
E-saglam.az xəbər verir ki, süd kalsium, D vitamini və fosfor baxımından zəngindir və sümük sağlamlığını dəstəkləyir. Əncir də yüksək kalsium tərkibinə malikdir və südlə birlikdə osteoporoz kimi sümük xəstəliklərinin qarşısını almağa kömək edə bilər. Eyni zamanda, əncirin tərkibində olan lif və fermentlər həzm sisteminin fəaliyyətini yaxşılaşdırır, qəbizliyin qarşısını alır.
İmmunitet sistemini gücləndirmək üçün də bu ikili faydalıdır. Əncir C vitamini və antioksidantlarla zəngindir, süd isə orqanizmi xəstəliklərə qarşı qoruyan zülallar ehtiva edir. Dərinin sağlam qalmasına da kömək edirlər. Əncir dərini qidalandırır, süd isə nəmləndirərək iltihabın qarşısını alır.
Ürək sağlamlığı üçün də faydalıdır. Əncir qan təzyiqini tənzimləməyə kömək edən kalium ehtiva edir, süd isə ürək üçün vacib qidalarla zəngindir. Enerji baxımından da güclü bir birləşmədir. Əncirin tərkibindəki təbii şəkərlər sürətli enerji verir, süd isə toxluq hissi yaradır. Bu xüsusiyyətləri ilə idmançılar üçün ideal qəlyanaltı sayıla bilər.
Antioksidantlarla zəngin olan bu ikili bədəndə sərbəst radikallarla mübarizə apararaq hüceyrələri qoruyur, qocalmanı ləngidir. Sağlamlıq üçün faydalı olsa da, balanslı və müxtəlif qidalanma prinsipləri çərçivəsində qəbul edilməsi tövsiyə edilir.
Tərcümə: Könül Oruc