RU

Strateji əməkdaşlıq və regional inkişafın yeni mərhələsi -Ankara Bəyannaməsi

Türk dövlətləri arasındakı münasibətlər getdikcə güclənir. Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr müxtəlif platformalar çərçivəsində də əməkdaşlıq edirlər. Bu əməkdaşlıq formatlarından biri də Azərbaycan, Türkiyə və Özbəkistanın xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşləridir.

Bu formatda ilk görüş 2 avqust 2022-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilib. Artıq bu çərçivədə ikinci görüş də baş tutub. Belə ki, 29 yanvar tarixində Ankarada Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin ikinci üçtərəfli görüşü təşkil olunub. Görüşdə gündəlikdə duran məsələlər, o cümlədən xarici siyasət və regional əməkdaşlıq, ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi, investisiya imkanlarının artırılması, regional nəqliyyat şəbəkələrinin inkişafı və kommunikasiya sahəsində əməkdaşlığın gücləndirilməsi kimi mövzular müzakirə olunub.

Görüşün yekununda imzalanan Ankara Bəyannaməsində mühüm məqamlar yer alıb. Sənəddə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər üzrə əməkdaşlığın genişləndirilməsi, habelə suverenlik və ərazi bütövlüyünə qarşı yönəlmiş addımlara qarşı birgə fəaliyyətə dəstək ifadə olunub. Bundan əlavə, iqtisadiyyat, ticarət, investisiyalar, logistika, infrastruktur, rəqəmsallaşma, ətraf mühit və iqlim dəyişikliyi ilə mübarizə sahələrində mövcud potensialdan tam istifadə olunmasının vacibliyi vurğulanıb. Xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın və Orta Dəhlizin səmərəliliyinin, rəqabət qabiliyyətinin artırılması əhəmiyyətli məqam kimi qeyd edilib.

Türkiyə, Azərbaycan və Özbəkistan arasında strateji əməkdaşlığın gücləndirilməsi və regional inteqrasiyanın dərinləşdirilməsi məqsədilə qəbul edilmiş Ankara Bəyannaməsi üç ölkənin iqtisadi, siyasi və təhlükəsizlik sahələrində vahid mövqe formalaşdırmaq niyyətini nümayiş etdirir. Bu sənəd tərəflərin qarşılıqlı etimad və hörmət prinsipləri əsasında sıx əməkdaşlıq etmək əzmi ilə çıxış etdiyini və beynəlxalq hüquq normalarına sadiq qaldığını təsdiqləyir.

Bəyannamənin əsas prinsipləri sırasında strateji əməkdaşlığın genişləndirilməsi, iqtisadi və ticari əlaqələrin möhkəmləndirilməsi, nəqliyyat və logistika imkanlarının artırılması, regional təhlükəsizliyin təmin olunması və ekoloji problemlərlə mübarizənin gücləndirilməsi dayanır. Ankara, Bakı və Daşkənd öz suverenliyi, ərazi bütövlüyü,  sərhədlərin toxunulmazlığı prinsipini birgə müdafiə edərək regional sabitlik və qlobal siyasətdə vahid mövqeyin formalaşmasına töhfə verməyə hazır olduqlarını bəyan ediblər.

Sənəddə Orta Dəhliz layihəsinə xüsusi diqqət ayrılıb. Çin və Avropa arasındakı ən sürətli və təhlükəsiz marşrutlardan biri olan Orta Dəhliz, Mərkəzi Asiya və Qafqaz regionlarının beynəlxalq ticarət sisteminə daha sıx inteqrasiya olunmasına şərait yaradır. Azərbaycan, Türkiyə və Özbəkistanın tranzit potensialının artırılması istiqamətində atılan addımlar regionun geoiqtisadi əhəmiyyətini daha da artıracaq. Bu kontekstdə TRACECA (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində əməkdaşlığın gücləndirilməsi regional və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsi üçün mühüm addım kimi qiymətləndirilir. TRACECA-nın inkişafı Orta Dəhliz marşrutunun rəqabət qabiliyyətini artıracaq və nəqliyyat sistemlərinin modernləşdirilməsinə töhfə verəcək.

Bəyannamədə Bakı-Tbilisi-Ceyhan dəmir yolları və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi iri infrastruktur layihələrinin daha da inkişaf etdirilməsinə tam dəstək ifadə olunub. Bu, Türkiyə, Azərbaycan və Özbəkistan arasında yük daşımalarının həcmini artırmaqla yanaşı, logistika və tranzit sahələrində yeni investisiya imkanları yaradacaq.

Bəyannamədə Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirdiyi bərpa və quruculuq işlərinə siyasi və iqtisadi dəstək ifadə olunub. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yenidən qurulması və məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin edilməsi məsələləri diqqət mərkəzində saxlanılıb.

Bu dəstək yalnız Azərbaycanın daxili inkişafına deyil, bütün regionda davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə vermək baxımından əhəmiyyətlidir. Üç ölkə arasında əməkdaşlıq sayəsində Qarabağda və Şərqi Zəngəzurda həyata keçiriləcək investisiya və infrastruktur layihələri bölgənin sosial-iqtisadi inkişafını sürətləndirəcək və regionun beynəlxalq ticarət şəbəkəsinə inteqrasiyasını gücləndirəcək. Qarabağın bərpası çərçivəsində ağıllı şəhərlər və kəndlər layihələri, yaşıl enerji infrastrukturu və müasir nəqliyyat sistemlərinin qurulması istiqamətində əməkdaşlıq perspektivləri genişlənir. Türkiyə və Özbəkistanın bu prosesdə iştirak etməsi Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi inteqrasiyanı gücləndirəcək və bölgədə yeni iş yerlərinin yaradılmasına imkan verəcək.

Ankara Bəyannaməsində iqlim dəyişikliyi və ekoloji təhlükəsizlik sahəsində əməkdaşlığın gücləndirilməsi məsələsi də ön plana çıxıb. Azərbaycanın COP29 iqlim sammitinə ev sahibliyi etməsi xüsusi qeyd olunub və bu tədbirin nəticələrindən məmnunluq ifadə edilib.

Ankara Bəyannaməsi yalnız Türkiyə, Azərbaycan və Özbəkistan arasındakı münasibətlərin möhkəmlənməsinə deyil, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində genişmiqyaslı əməkdaşlıq üçün yeni perspektivlər açır. Bəyannamədə təsbit edilən hədəflər gələcəkdə türk dünyasının inteqrasiyasını və qlobal ticarət şəbəkəsinə daha sıx qoşulmasını təmin edəcək əsas istiqamətlərdən biri olacaq. Azərbaycan, Türkiyə və Özbəkistanın vahid mövqedən çıxış edərək iqtisadi, siyasi və ekoloji sahələrdə əməkdaşlığını dərinləşdirməsi türk dövlətlərinin beynəlxalq aləmdə nüfuzunun artmasına və regional sabitliyin təmin olunmasına mühüm töhfə verəcək. Ankara Bəyannaməsi bu baxımdan təkcə diplomatik sənəd deyil, eyni zamanda, türk dünyasının gələcək strateji inkişaf yolunu müəyyənləşdirən mühüm bir platformadır.

Nigar Orucova, “İki sahil”

Избранный
14
39
ikisahil.az

10Источники