"Avropa İttifaqı və ümumilikdə Qərb dövlətləri Cənubi Qafqaz regionunda yeni geopolitik təxribatlar törətməklə regionda sülhün və sabitliyin mövcudluğuna əngəl yaradırlar. Cənubi Qafqazda qarşıdurma mühitini daha da kəskinləşdirə biləcək manevrlərə cəhdlər göstərirlər. Bu da Aİ və Qərb siyasi dairələrinin yeni regional silahlı münaqişə planlarının aktual olduğunu düşünməyə əsas verir".
Bunu Hafta.az-a siyasi icmalçı Rauf Qurbanov bildirib.
Hal-hazırda Avropa İttifaqı tərəfindən Ermənistanın sürətlə silahlandırılması regional sülhə və sabitliyə birbaşa təhdid yaradır. R.Qurbanov bildirir ki, buna paralel olaraq, Avropa Birliyi və Fransa Cənubi Qafqazda geopolitik təxribat cəhdlərində israrlı mövqe tuturlar.
"Tərkibi əsasən Fransa və Almaniya hərbi kəşfiyyatçılarından ibarət olan Avropa Birliyi mülki müşahidə missiyası Azərbaycanla sərhəd bölgəsində casus fəaliyyətini davam etdirir. Avropa Birliyi hazırda sayı 1500 nəfərə çatdırılmış bu “kəşfiyyat missiyası”nın fəaliyyət müddətini daha iki ilə qədər uzatmaq niyyətində olduğunu bildirir. Özünü “sülh göyərçini” kimi göstərmək istəyən Avropa İttifaqı normallaşma prosesində birmənalı olaraq Ermənistanın tərəfini tutması Azərbaycanda məyusluq yaradır və Azərbaycanı məcburi adekvat tədbirlər görməyə sövq edir. Əgər Ermənistanın silahlandırılması davam edərsə, Azərbaycan tərəfi öz ərazi bütövlüyünü və təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görmək məcburiyyətində qalacaq".
R.Qurbanov bildirib ki, Aİ ilə yanaşı Avropa Parlamentinin Azərbaycan Respublikasına qarşı rüsvayçı davranışları və azərbaycanofobiya siyasəti Avropanın demokratik dəyərlərini Azərbaycan cəmiyyətində gözdən salır və ona olan inamı azaldır.
'Müstəqil siyasət aparan, bloklara qoşulmayan, suveren hüquqlarını öz gücü hesabına qoruyan Azərbaycanı, öz maraqlarına tabe etdirmək, Ermənistan kimi oyuncaq bir dövlətə çevirmək istəyən Qərb dövlətləri ciddi yanlışlığa yol verirlər. Bu yanlışlığın nəticəsi olaraq Azərbaycan öz ərazisində bütün Avropa “demokratik” təhcizatlarını haqlı olaraq dayandırdı və Avropanın ölkəmizdə həyata keçirmək istədiyi çirkin niyyətlərin qarşısını aldı.
Gürcüstandan sorosçu strukturların əlaltıları vasitəsilə, qismən qeyri-leqal olanlar da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirildi.
Avropa İttifaqının Azərbaycanda gələcəyə, əsasən gənclərə istiqamətlənmiş platformalarını yaratmaq istəyi, Azərbaycan gəncliyinin bəzi nümayəndələrinin xəyanət yolu tutması, açıq-aşkar satqınlıq, erməniçiliklə əməkdaşlıq məhz NED və EED tərəfindən maliyyələşdirilən sözdə qrant proqramları vasitəsilə beyinlərin yuyulmasının nəticəsidir. Bu istiqamət üzrə real faktların qabardılması, materialların hazırlanaraq müvafiq orqanlaratəqdim olunması və həmin şəxslərə qarşı cinayət işinin açılması təqdirəlayiqdir".
R.Qurbanav hesab edir ki, Azərbaycan heç vaxt, heç bir dövlətə qarşı qərəzli siyasət aparmayıb, əksinə həmişə müasir dəyərlərindən bəhrələnmək, sivil dünyanın bərabər hüquqlu üzü olmaq niyyət sərgiləyib. Bunun da müqabilində dünya dövlətləri, o cümlədən Avropa İttifaqı Azərbaycana etibarlı tərəfdaş kimi baxmalı, onun suveren hüquqlarına hörmətlə yanaşmalıdır".