Avropa İttifaqı müşahidə missiyasının müddətini Ermənistanda uzadıb.
Bununla bağlı politoloq Tural İsmayılov News365.az-a danışıb.
“Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası, bir mənalı şəkildə Qərb, yeni imperialist şəbəkələrinin casus və kəşfiyyat poliqonundan başqa bir şey deyil və hamıya da bəllidir ki, həmin missiyanın əsas məqsədi Ermənistanı daha da qızışdırmaqdan ibarətdir.”
Təəssüflər olsun ki, tarixi Azərbaycan torpaqlarında müşahidə aparan həmin missiya bir dəfə də olsun Qərbi Azərbaycanla bağlı reallıqları görmür və ya Qərbi azərbaycanlıların tapdanan hüquqlarına nəzər yetirmək istəmir.
Digər təəssüf doğuran məqam isə ondan ibarətdir ki, bu mülki müşahidə missiyası mövcud olduğu müddət ərzində dəfələrlə Ermənistan ordusunun Azərbaycan əsgərlərinə qarşı təxribat törətməsinə göz yumub. Buradan da bir daha aydın olur ki, bizim qarşımızda hansı dövlət və eyni zamanda onu dəstəkləyən qüvvələr dayanır.
Düşünürəm ki, Qərbi Azərbaycan həqiqətləri və Qərbi azərbaycanlıların hüquqları obyektiv bir reallıqdır və dünya birliyi bunu vaxtında görməlidir. Qərbi azərbaycanlıların XX əsr boyunca Ermənistan tərəfindən dövlət terroruna məruz qalması və kütləvi şəkildə dədə-baba torpaqlarından deportasiya edilməsi Avropa İttifaqı müşahidəçilərinin dədə-babalarının gözləri qarşısında baş verib. Onlar bu ədalətsizliyi və qeyri-dürüst siyasəti dəstəkləməklə həyata keçiriblər.
Həqiqətən də, bu cür siyasətləri heç vaxt düzgün hesab etmirlər və görmək istəmirlər. Bu gün də həmin missiyanın müddətini uzatmaqla tarixi ədalətsizlik siyasətini davam etdirirlər.