Azərbaycanın bütün çağırışları və təkliflərinə, Rusiya və İranın təzyiqləinə baxmayaraq Ermənistanın xarici siyasətində korrektə etmək fikrində olmadığı müşahidə olunur. İşğalçı dövlətin avrointeqrasiya siyasətinin fiaskoya uğrayacağı gün kimi aydın olsa da siyasi rəhbərlik bundan imtina etməkdə tərəddüd edir. Əslində, öz xalqına badalaq vuran Ermənistanın siyasi rəhbərliyi gələcəkdə baş verə biləcək uğursizluğa sadə vətəndaşları da şərik edir. Saxta sorğu keçirərək guya əhalinin 55 faizinin avrointeqrasiyaya dəstək verdiyini bəyan edən iqtidar öz xalqının təhlükəsizliyini sual altında qoyur. "Yetimə gəl-gəl deyən çox olur" məsəlindən nəticə çıxarmayan rəsmi İrəvan dövləti və xalqı təhlükə altına atır. Ortada Gürcüstan və Ukrayna analogiyası olduğunu nəzərə almadan Rusiya kimi "derjavo" ölkə ilə kəllə-kəlləyə gəlmək şübhəsiz ki, Ermənistan üçün heç də asan olmayacaq. Elə Rusiya tərəfindən gələn ilk açıqlama İrəvanın xarici siyasətinə yenidən baxmasına bir işarədir. Rusiya rəsmi şəkildə bəyan edib ki, Ermənistanın Avropa İttifaqına inteqrasiyası onun Avrasiya İqtisadi Birliyindən imtina etməsi deməkdir. Bu isə Ermənistanın ümumi maliyyə bazarından məhrum olmasına bərabərdir. Onsuz da iqtisadi tənəzzül dövrünü yaşayan Ermənistan şübhəsiz ki, bu addımdan sonra bataqlığa yuvarlanacaq.
Məlum məsələdir ki, Avropa İttifaqı Ermənistanı maliyyə ayırmaları ilə şirnikləşdirərək siyasi məqsədlər üçün istifadə edir. Elə Ermənistanla Azərbaycan arasında şərti sərhəddə yerlşdirilən Avropa İttifaqının "missiyası"nın müddətinin artırılması buna bariz nümunədir. Aydındır ki, Avropa İttifaqına üzv ölkələr öz missiyalarını Cənubi Qafqazda yerləşdirməklə Ermənistana çətir qurmaq fikrində deyil, əksinə, bununla Rusiya, Türkiyə, İran kimi region ölkələrin qarşısına sipər çəkirlər. Əks halda, Avropa İttifaqı Azərbaycanın razılığı olmadan belə bir qərar qəbul etməzdi. Yeri gəlmişkən xatırladaq ki, Avropa İttifaqının səfirləri Ermənistandakı müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyiblər. Qərara əsasən, avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar. Müqavilə layihəsində müşahidəçilərin tərkibinin və sayının dəyişməz qalacağı (165 xarici və 44 erməni üzv) nəzərdə tutulur. Ermənistandakı missiyanın məlumatına görə, bu qərar yaxın vaxtlarda Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri tərəfindən təsdiqlənməlidir. Sirr deyil ki, Avropa İttifaqı missiyası Ermənistanla Azərbaycanın şərti sərhədində tənzimləyici rol oynamaq fikrində deyil. Tərkibi əsasən sabiq həbçilər və xüsusi xidmət orqanlarının nümayəndələrindən ibarət olan missiyanın kəşfiyyat funksiyasını yerinə yetirəcəyi bəllidir. Bu isə heç də region dövlətlər üçün xoş olmayan praktikadır. Başqa sözlə, Ermənistanın bu seçimi birmənalı olaraq 17 maddəlik sülh sazişi mətnindəki "üçüncü ölkələrə məxsus qüvvələrin sərhəddən çıxarılması" müddəasının İrəvan tərəfindən yerinə yetirilməməsi deməkdir. Avropa isə bu qərarla Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin ən azı iki il gecikdirməsini planlaşdırır.
Sadalanan faktlar deməyə əsas verir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin uzadılması üçün min cür oyundan çıxır. Xatırladaq ki, sülh müqaviləsinin reallaşdırılmasından ötrü irəli sürülən təşəbbüslərdən biri də Minsk qrupunun ləğvi və Avropa İttifaqı missiyasının ərazidən kənarlaşdırılması ilə bağlıdır. Ermənistan isə sözügedən təkliflə razılaşaraq sülh müqaviləsinin imzalanmasını ertələmək əvəzinə, onun qeyri-müəyyən vaxta qədər uzadılmasına zəmin yaradır. Üstəlik xarici ölkələrdən öldürücü silahlar almaqla regionda təhlükə mənbəyinə çevrilir. Hansı ki, Azərbaycan dəfələrlə rəsmi şəkildə bəyan edib ki, heç bir vasitəçi olmadan qarşılıqlı anlaşma şəraitində sülh müqaviləsinin imzalanması mümkündür.
Bu arada Rusiya Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesi üzrə vasitəçiliyini təklif edib. Rusiya Baş nazirinin müavini Aleksey Overcuk qeyd edib ki, Rusiya Hərbi Baş Kəşfiyyat idarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etməyə hazırdılar. Hazırki şəraitdə Rusiyanın belə bir təşəbbüslə çıxış etməsi təsadüfi deyil. Rusiya artıq dərk edir ki, Avropa təkcə iqtisadi sanksiyalarla kifayətlənməyərək siyasi təzyiqlərə də əl atıb. Məqsəd isə Rusiyanı birmənalı şəkildə Cənubi Qafqazdan uzaqlaşdırmaqdır. Azərbaycan və Gürcüstandan dəstək ala bilməyən Avropa Ermənistanı asanlıqla tora sala bilib. Odur ki, yeni təşəbbüslə çıxış etməklə özünü sülhpərvər dövlət kimi təqdim etmək niyyətinə düşüb. Elə Rusiya Hərbi Baş Kəşfiyyat idarəsində saxlanılan kartoqrafik materialları birgə komissiyaya təqdim etmək təklifi də bu istəkdən irəli gəlir. Amma Rusiyanın tərəflərə "ədalətli" kartoqrafik materialı təqdim edəcəyi çübhəli görünür. Çünki, Rusiya heç bir zaman istəməz ki, adi bir arxiv materialı ilə əsrlər boyu davam edən münaqişəyə son qoyulsun, Cənubi Qafqazda sülh bərqərar olsun. Çünki, bu halda Rusiyanın Cənubi Qafqaza müdaxilə imkanları tükənmiş olur. Kremlin əlində olan kartoqrafik materiallarda mübahisəli məsələlərin olacağı və bunun ikitərəfli danışıqların pozulmasına gətirib çıxarmaq ehtimalı daha yüksəkdir. Görüntü ondan ibarətdir ki, Rusiya cəlbedici təkliflə çıxış edtməklə regionda baş verən prosesləri nəzarətə götürməyə cəhd edir. Çünki, Rusiyanın özü də yaxşı başa düşür ki, sərhədlərin müəyyən edilməsi istiqamətində bu qədər aparılan müzakirələrdən sonra tərəflərin qeyri-müəyyən kartoqrafik materialları qəbul edəcəyi inandırıcı görünmür. Məlumdur ki, Azərbaycan hazırkı sərhədlər üzrə danışıqları aparır və Rusiyanın xəritə təklifini obyektiv qəbul edə bilməz. Nəzərə almaq lazımdır ki, ortada AZAL təyyarəsinin vurulmasına görə Rusiyanın məsuliyyətdən yayınması, kütləvi informasiya vasitələrində Azərbaycana qarşı təxribatı materialların verilməsi kimi faktlar var. Belə halda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi bağlanarsa, bu, Moskvanın iştirakı ilə olmayacaq. Ermənistan da Rusiyanın vasitəçilik etimadını itirməsini dərk edərək Avropaya üz tutmaq məcburiyyətində qalır. Lakin, tarix sübut edir ki, Avropa ölkələri üçün "maşa" olan dövlətlərin heç biri müstəqil dövlət olmaq imkanına nail ola bilməyib.
Alim Hüseynli