"Azərbaycan ABŞ münasibətlərinin normal olması əlbəttə ki, hər iki dövlətin milli maraqlarına uyğundur və xalqların xoşbəxtliyi üçün çox vacibdir. Çünki Amerika dünyanın ən böyük inkişaf etmiş dövlətlərindən biridir. Eləcə də Azərbaycan, Cənubi Qafqazda lider dövlət kimi öz mövqeyini qoruyur, öz sözünü deyə bilən, iqtisadi baxımdan inkişaf etməkdə olan ölkədir. Lakin çox təəssüflər olsun ki, Co Baydenin hakimiyyəti dövründə ABŞ-nin hakim dairələri Azərbaycana münasibətdə yanlış mövqe tutdular. Nəinki reallıqları qiymətləndirdilər, həmçinin beynəlxalq hüququn bütün norma və prinsiplərini pozaraq, təcavüzkar Ermənistanın yanında olduqlarını nümayiş etdirdilər".
Bu sözləri Milli Məclisin deputatı, filologiya üzrə fəlsəfə doktoru Tahir Rzayev "Operativ Media"ya deyib.
"Bunun üçün onlar saxta qətnamələr qəbul etdilər, saxta müqavilələr imzaladılar və Ermənistanı silahlandırdılar. Əlbəttə ki, bu siyasi kursa ziddir. Çünki Azərbaycan Prezidenti, cənab İlham Əliyev bu gün dünyada sülhün, əmin-amanlığın və əməkdaşlığın təşəbbüskarı, həm də qarantı kimi çıxış edir. Cənubi Qafqazda sabitliyin qorunması və inkişaf etdirilməsi əsasən onun adı ilə bağlıdır. Belə olan halda Qərb ölkələri Azərbaycanla münasibətləri yaxşılaşdırmaqda maraqlı olmalı idilər. Eyni zamanda Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında başlıca rol oynayır. Bir çox beynəlxalq tədbirlərin təşkilatçısıdır.
Lakin Bayden hakimiyyəti, Dövlət Departamenti, eləcə də Amerikanın Konqresi, Senatı və siyasətçiləri bu münasibətlərin üzərindən xətt çəkdilər. Azərbaycana qarşı son dörd ildə yanlış mövqedə oldular. Halbuki, Trampın hakimiyyəti dövründə Azərbaycan–Ermənistan münasibətləri sağlam şəkildə davam etmişdi. Bir çox məsələlərdə Amerika Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdi.
Həmçinin, əlaqələrin möhkəmlənməsində maraqlı idi. Bayden və Blinken administrasiyasının Azərbaycana qərəzli münasibəti, heç də Amerikaya yaxşı heç nə vəd etmir. Trampın hakimiyyətə gəlişi ərəfəsində Ermənistan ilə Amerika arasında Strateji Tərəfdaşlıq Aktının imzalanması, bir daha göstərdi ki, Bayden və Blinken administrasiyası Azərbaycana düşmən mövqedədirlər.
Bu gün, cənab Prezidentin yürütdüyü siyasət dünyada sülhün və əmin-amanlığın qorunmasına xidmət edir. Cənab Prezident hazırda Davosda İqtisadi Forumda iştirak edir. Forum günlərində o, bir çox ölkələrin prezidentləri və dünyanın tanınmış şirkətlərin rəhbərləri ilə səmərəli görüşlər keçirib. Əlbəttə ki, bu görüşlər iqtisadi əməkdaşlığı daha da yüksəltməyə, biznes mühitini formalaşdırmağa və əməkdaşlığı genişləndirməyə xidmət edir. Sözsüz ki, ABŞ də iqtisadi münasibətlərin genişləndirilməsində maraqlıdır. Azərbaycanda bu münasibətlərin yaxşılaşdırılması gələcək perspektivlər və uğurlar üçün vacibdir. Əminəm ki, Bayden hakimiyyətindən fərqli olaraq, Tramp administrasiyası Azərbaycanla münasibətləri yaxşılaşdırmağa önəm verəcək. Bu münasibətlər hər iki ölkə üçün iqtisadi, siyasi, mədəni və digər sahələrdə önəmlidir".