Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Azad Arif oğlu Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində anadan olub. 2013-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin tank bölüyü ixtisasına daxil olub və 2017-ci ildə həmin məktəbi "leytenant" hərbi rütbəsi ilə bitirib.
QHT.az xəbər verir ki, təyinatı üzrə elə həmin ildən Füzuli rayonunun Horadiz şəhərindəki N saylı hərbi hissədə öz vəzifəsinə başlayıb. Peşəkarlığını artırmaq üçün Bakıda yerləşən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində 45 gün müddətində zabit heyətinin təkmilləşdirmə kursunu keçərək "baş leytenant" rütbəsi alıb. Müharibənin başladığı ilk günlərdən Azad Hümbətov ön cəbhədə gedən döyüşlərdə iştirak edib. Füzuli, Qubadlı, Laçının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək düşmənin xeyli sayda canlı qüvvəsini və texnikasını məhv edib. O, 27 oktyabr tarixində Laçının azadlığı uğrunda gedən döyüşlər zamanı qəhrəmancasına şəhid olub.
Azad Hümbətov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" və "Vətən Müharibəsi Qəhrəmanı" medalları ilə təltif edilib.
Ruhu şad olsun!