Bu gün Azərbaycanda bələdiyyə seçkisi keçirilir. 118 seçki dairəsini əhatə edən səsvermə 5 846 seçki məntəqəsində keçirilir. 685 bələdiyyəyə 8 071 nəfər üzv seçilməlidir. Seçicilərin sayı isə 5 milyon 961 min 987 nəfərdir.
Seçkilərdə məşhurların iştirak edib-etməməsi hər zaman marağa səbəb olur.
Bəs görəsən, məşhurlar bələdiyyə seçkilərində iştirak edirlərmi?
Bakuplus.az–ın əməkdaşı bir neçə sənət adamı ilə danışıb.
Əməkdar artist Bilal Əliyev seçkilərdə ümumiyyətlə iştirak etmədiyini bildirib:
“Mən bələdiyyələr ilə ümumiyyətlə maraqlanmıram. Çünki işlərindən narazılığım var. İnsanlar ev almaq istəyəndə problem yaranır ki, bələdiyyənin hesabında olan evlər ucuz qiymətə satılır. Bələdiyyənin balansında olan evləri satmaqda çətinlik çəkirlər. Sənədləri düzgün olmur. Elə etməlidirlər ki, sənədlər qanuni olsun. Birbaşa sadə həll olunmalıdır, insanları dağa-daşa salırlar.
Nə vaxt insanların rahatlığı təmin etsələr, səs verəcəyəm. Bu dəfə seçkilərdə iştirak etmirəm. İndi namizədlərin çoxu gənclərdir. Hər birini nəzərdən keçirtdim. Tanımadığım adamlardır. Gəlsinlər, işləsinlər və məharətlərini göstərsinlər”.
B.Əliyev əlavə edib ki, evlər qeydiyyata salınmalıdır:
“İnsanlar əziyyət çəkməməlidirlər. İllərdir bələdiyyə yaranıb. Qeydiyyatdan keçməyən evlər var. Bələdiyyə gərək tənzimləsin. Boş torpaq olub, evsiz- eşiksiz adamlar gəlib daxma tikib, qalıblar. Qanuni səviyyədə qeydiyyata almaq lazımdır”.
Əməkdar artist Elza Seyidcahan isə ən layiqli namizədə səs verəcəyini söyləyib. Lakin namizədin adını açıqlamayıb.
Müğənni Nadir Qafarzadə seçkilərdən xəbəri olmadığını dilə gətirib:
“Mənim dünyadan xəbərim yoxdur. Seçkiyə də getmirəm. İndi yatıram. Kim seçilir, kimi seçirlər, kim də özü seçilir – mənlik deyil”.
Müğənni Mətanət Əsədova da proseslərdən xəbərsiz olduğunu deyib:
“Mən yuxuluyam, yatıram. Proseslərdən də xəbərim yoxdur. Heç nə bilmirəm”.
Qeyd edək ki, qanunvericiliyə uyğun olaraq, seçki məntəqələri səhər saat 8:00-da açılır və səsvermə 19:00-a qədər davam edəcək.