AZ

Tıxac probleminin həlli: Bakı-Sumqayıt alternativ yol layihəsini təqdim edən ekspert danışdı

Son vaxtlar ölkədə, xüsusilə paytaxtda əsas problemlərdən biri də tıxacdır. 

Yanvarın 28-də Prezidenti İlham Əliyevin sədrliyi ilə nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib. Prezident müşavirədə mövcud vəziyyətlə bağlı bir sıra məsələlərə toxunub. Ölkə başçısı nəqliyyat infrastrukturunun inkişafı ilə bağlı bildirib ki, son illər ərzində bu istiqamətdə bir çox işlər görülüb, böyük infrastruktur layihələri icra edilib, yenə də Bakı şəhərində tıxac müşahidə olunur və əfsuslar olsun ki, tıxacların sayı ildən-ilə artır: 

"Bunun təbii səbəbləri var. Ölkəmizin, o cümlədən Bakı şəhərinin əhalisi ildən-ilə artır. Son 30 il ərzində Azərbaycan əhalisi 7 milyondan 10 milyona çatıb, hətta o rəqəmi də ötüb. Əlbəttə ki, vaxtilə yaradılmış şəhər yol infrastrukturu, o cümlədən metro imkanları bu artımı həzm edə bilmir". 

Nəqliyyat məsələlərinə gəldikdə isə Prezident qeyd edib ki, bütün ölkə üzrə son illər ərzində bir çox nəqliyyat layihələri icra edilib - kənd yolları, şəhərlərarası yollar, magistral yollar çəkilib: 

"İllər keçdikcə indi əvvəlki vəziyyət yaddan çıxır. Ancaq əgər biz 20 il əvvələ nəzər salsaq görərik ki, o vaxt bizim yollarımız nə vəziyyətdə idi. Hətta Bakı şəhərinin əsas yolları faktiki olaraq heç bir standarta uyğun gəlmirdi. Biz yeni yollar saldıq, bütün şəhərləri demək olar ki, müasir yollarla birləşdirdik. Bütün sərhədlərimizi müasir avtomagistrallarla birləşdirdik. Kənd yollarının təmiri və salınması dərəcəsi təqribən 85-90 faizə çatıb və hər il biz bu məqsədlər üçün vəsait ayırırıq". 

Bakıdakı tıxac probleminin həlli yollarından danışan nəqliyyat üzrə ekspert Aslan Əsədov "Cebheinfo.az"-a bildirib ki, ölkədə yol infrastrukturu ilə bağlı həyata layihələr dövlət proqramları əsasında icra olunur: 

"Bu, uzunmüddətli perspektiv üçün istər paytaxt yollarının yenidən qurulması, istərsə də "Regionların sosial-iqtisadi inkişafı" Dövlət Proqramı çərçivəsində həllini tapan və qarşıda duran məsələlərdir. Dünənki müşavirədə də son 20 ildə görülən işlər qiymətləndirildi. Bu, əsas avtomobil yollarının və Şimal-Cənub Dəhlizi üzərində qurulan, o cümlədən respublika əhəmiyyətli, Gürcüstan sərhədlərini birləşdirən magistralların əsaslı təmiridir. 

Söhbət yolların 2 zolaqdan 4-6 zolağa çatdırılmasından gedir ki, bunlar böyük layihələrdir. O cümlədən, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, onun gücləndirilməsi, dəniz limanı vasitəsilə daşımaçılığın artırılması və burada əsas maneə olan şəhərdaxili limanın Bakı ətrafına köçürülməsi, orada böyük bötük bir biznes mühitinin formalaşdırılması, yaxud yaxın zamanda Ələtdə inşa edilən böyük bir hava limanı ona imkan verəcək ki, daha ağır, o cümlədən dəniz vasitəsilə daşınan yüklərin birbaşa hava limanı vasitəsilə digər şəhərlərə çatdırılması burada öz əksini tapıb.

Eləcə də işğaldan azad olunmuş ərazilərin infrastruktunun təməlindən dünya standartlarına uyğun qurulması, sırf hava limanlarının beynəlxalq status alması bundan xəbər verir. İstənilən yük və sərnişin təyyarələrini qarşılaya biləcək limanlar, Zəngəzur dəhlizi ilə bağlı görülən işlər yüksək dəyərləndirilir. Prezident Nəqliyyatı İntellektual İdarəetmə və Əlaqələndirmə Şurasına tapşırıq verdi ki, göndərilən təkliflərə baxılsın. Çünki burada əsas işi xaricdən gələn şirkətlər görür. Şəxsən mən Bakı-Sumqayıt alternativ yol layihəsini təqdim etmişəm". 

Tıxac məsələsinə gəldikdə isə ekspert deyir ki, bu, böyük şəhərlərdə başağrısına çevrilib: 

"Ölkə başçısı da bu sahədə problemin olduğunu qeyd etdi. Çıxış yolu metronun inkişaf etdirilməsi, metro stansiyaları ilə əlaqələndirmədir. Yəni bir vətəndaşın evdən iş yerinə gedişinin minimum xərc tələb etməsi  onun və nəqliyyat infrastrukturunun uğurudur. Vətəndaş metrodan, marşrutdan nə qədər az istifadə edərsə, birbaşa, yəni bir nəqliyyat növü ilə hərəkət edərsə, xərc və vaxt itkisi az olacaq. Bu da birbaşa tıxacın həllinə yönəlmiş bir addımdır". 

Seçilən
0
30
ekologiya.az

10Mənbələr