AZ

Bakı-Tiflis-Qarsa “erməni qəsdi”- plan baş tutmadı...

Image

Bəhruz Quliyev: “BTQ-nin tikintisinə ABŞ-ın vaxtilə qarşı çıxması, regiondakı geosiyasi maraqlarla bağlı idi”

Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin icrası zamanı ölkəmizin üzləşdiyi çətinliklərdən danışıb.

Ölkə başçısı qeyd edib ki, ABŞ Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə o vaxt ciddi müqavimət göstərib: “Biz bu layihəni icra etmək istəyəndə böyük müqavimətlə üzləşmişdik. Xüsusilə, Amerika Birləşmiş Ştatları buna etiraz edirdi. Səbəb də yenə də ermənipərəst siyasətlərində idi. Çünki hesab edilirdi ki, bu layihə Ermənistanı kənarda qoyur. Buna görə ovaxtki Gürcüstan rəhbərliyinə Amerika dövləti tərəfindən çox ciddi təzyiq göstərilmişdi ki, Gürcüstan buna razılıq verməsin. Biz bir neçə il Gürcüstan tərəfi ilə danışıqlar aparmışdıq və nəhayət razılığa gələ bildik. O cümlədən mən şəxsən Amerika dövlətinin yüksəkvəzifəli nümayəndələri ilə bu məsələni dəfələrlə müzakirə etmişdim və bildirmişdim ki, onlar bizə maneə törətməməlidirlər. Bu, bizim üçün strateji layihədir və gələcəkdə bu layihədən digər ölkələr, o cümlədən onların müttəfiqləri də faydalanacaq. Həyat göstərdi ki, hər zaman olduğu kimi, biz haqlı idik. Bu gün Amerikanın Avropadakı müttəfiqləri Bakı-Tbilisi-Qars dəmir yoluna çox böyük maraq göstərirlər. Vaxtilə Amerika Dövlət Departamentinin o məmurları bizə qarşı çıxırdılar, - mən bilmirəm onlar indi haradadırlar, onların adları da tarixdə qalmayıb, - amma biz ciddi iradə göstərərək buna nail olduq”.

“Bu cür strateji layihələrə qarşı çıxanların adlarının tarixdə qalmaması, amma layihənin uğurla reallaşması...”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən “SƏS” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev hesab edir ki, o zaman ABŞ sözügedən dəmir yolunun tikintisinə kredit vermədi: “Çünki onlar istəyirdilər ki, yol Ermənistandan keçsin. Prezident İlham Əliyevin nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə BTQ dəmir yolu ilə bağlı dedikləri, Azərbaycanın strateji layihələr həyata keçirməsində qarşıya çıxan problemlərə baxmayaraq iradəsini və qətiyyətini ortaya qoymasıdır. BTQ-nin tikintisinə ABŞ-ın vaxtilə qarşı çıxması, regiondakı geosiyasi maraqlarla bağlı idi. Xüsusilə, Ermənistanın bu layihədən kənarda qalması Qərbdə narahatlıq yaradırdı. O dövrdə Azərbaycan bu məsələdə həm ABŞ rəsmiləri, həm Gürcüstanla uzunmüddətli diplomatik danışıqlar apardı və nəticədə layihəni həyata keçirdi. Həmin dövrdə ABŞ rəsmilərinin bu layihəyə mane olmağa çalışması onların yanlış hesablamasına, erməni sevgisinə və Azərbaycanın Avrasiya məkanında güclənməməsinə söykənirdi. Bugünkü reallıq göstərir ki, BTQ artıq Avropa ölkələrinin diqqət mərkəzindədir və Qərb dövlətləri bu dəmir yolunun əhəmiyyətini anlayırlar. Eyni zamanda, Azərbaycan bu beynəlxalq layihələrlə regionda söz sahibinə çevrilib”.

Politoloq B.Quliyev hesab edir ki, bütün bunlar Azərbaycanın geoiqtisadi maraqlarını qorumaq üçün apardığı müstəqil siyasətin, diplomatiyanın uğurlu nəticəsidir: “Eyni zamanda, bu cür strateji layihələrə qarşı çıxanların adlarının tarixdə qalmaması, amma layihənin uğurla reallaşması Prezident Əliyevin siyasətinin düzgün olduğunu təsdiqləməklə yanaşı, bir liderin cəsarətlə xalqına, dövlətinə xidmətinin göstəricisidir. Ümumiyyətlə, qeyd edim ki, Azərbaycanda istənilən bir məsələdə, yəni ümumdövlət, ümumxalq məsələsində lider kimi İlham Əliyev bütün gücünü ortaya qoyaraq həmin problemin həllinə nail olub. Torpaqlarımızın 30 ildən sonra işğaldan azad olması da bu cür misallardan biridir. Müstəqil qərar vermək üçün, hakimiyyəti xarici müdaxilələrdən qorumaq üçün yalnız xalqa söykənmək, inanmaq lazımdır. Təcrübə də göstərir ki, belə məqamlarda xalq öz liderinin arxasındadır. Məhz bu nüans da geosiyasi, geoiqtisadi layihələrin həyata keçirilməsində də böyük önəm daşıyır”.

Vidadi ORDAHALLI





Seçilən
34
23
baki-xeber.com

10Mənbələr