Ermənistan könüllü etməsə, İrəvanı buna necə məcbur edə bilərik? – mütəxəssislər təzyiq variantlarını açıqladılar
“Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır. Bu, bizim tələbimizdir”.
Bunu Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə çıxış edərkən deyib. Sovet hakimiyyətinin 1920-ci ildə Qərbi Zəngəzuru əlimizdən aldığını və Azərbaycan xalqına qarşı cinayət törətdiyini xatırladan Prezident “Biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, bizim Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir”, – deyə diqqətə çatdırıb.
Söhbət şübhəsiz ki, Ermənistanın 2020-ci il 10 noyabr Üçtərəfli Bəyanatda üzərinə götürdüyü öhdəlikdən gedir. Burada bir incə məqam da var: hətta Ermənistan qlobal mahiyyət daşıyan Zəngəzur dəhlizinə xarici təsir dairələrinin tələbi ilə razılaşmasa belə, Azərbaycanın bir hissəsi olan Naxçıvana Qərbi Azərbaycan ərazisindən maneəsiz keçid verməyə BORCLUDUR! Mühüm məsələ odur ki, həmin torpaqlar tarixi Azərbaycan ərazisidir və prezidentin qeyd etdiyi kimi, Qərbi Azərbaycanı cəmi 100 il öncə sovet hakimiyyəti cinayət yolu ilə Ermənistana verib. Buna rəğmən bu gün Ermənistana torpaq iddiamız yoxdur, ancaq maneəsiz keçid almaq haqqımız var. Ermənistan bunu könüllü etməsə, buna onu necə məcbur edə bilərik? Yollar hansılardır?
Vətəndaş Həmrəyliyi Partiyası Ali Məclisinin sədri Felmar Ələkbərli bildirdi ki, Prezident Zəngəzur dəhlizi ilə bağlı Ermənistana kifayət qədər aydın ismarışlar çatdırdı: “Dövlət başçısı İrəvana demək istədi ki, İran üzərindən bu dəhlizi açmaqla Naxçıvana yolu təmin etmişik, qoy indi Paşinyan fikirləşsin ki, bunun ölkəsi üçün mənfi tərəfi hansıdır. Belə desək, Ermənistan inad etməklə özünü blokada şəraitində saxlayır. Bu da qarşı tərəfin seçimidir. Əgər təcrid vəziyyətindən çıxmaq istəmirlərsə, Azərbaycan muxtar respublikaya öz çıxışını təmin edəcək. İtirən isə Ermənistandır. Amma gec-tez Zəngəzur dəhlizi ilə bağlı Paşinyan iqtidarı addım atmağa məcbur olacaq”.
Partiya rəsmisi dəhlizin açılmasının İrəvan üçün iqtisadi dividentləri olacağını vurğuladı: “Habelə Türkiyəyə və Avropaya çıxış açılacaq. Ermənistan həm Azərbaycandan keçməklə Rusiyaya mallarını göndərəcək, həm də Türkiyə ilə quru sərhədləri işə düşəcək. Məgər bunu anlamamaq çox çətindir? Görünür ki, kənar təsirlər Paşinyanı fikrindən daşındırır. Xüsusən də dəhlizi Rusiyanın nəzarətinə vermək istəmədikləri üçün bu iş yubanır. Cənab Prezident isə əminliklə dedi ki, Azərbaycandan Azərbaycana keçid təmin olunmalıdır. Məncə, bu düyünün çözülməsində Ermənistana siyasi-diplomatik təzyiqləri artırmalıyıq. Bakının əlində təzyiq rıçaqları var”.
Milli Cəbhə Partiyasının başqan müavini Məhəmməd Əsədullazadə hesab edir ki, Prezident İlham Əliyev Zəngəzur dəhlizinin açılması ilə bağlı Ermənistana növbəti dəfə xəbərdarlıq etdi: “Həmçinin Ermənistanın “Sülh kəsişməsi” layihəsini Azərbaycansız beş qəpiklik olduğunu vurğuladı. Həqiqətən də Ermənistanın “Sülh kəsişməsi ” layihəsinin Azərbaycansız reallaşması mümkün deyil. Azərbaycan yoxdursa, bu dörd il ərzində niyə “Sülh kəsişməsi” layihəsi reallaşmir?! Paşinyanın bu layihəsini müxtəlif güclər dinləyir, amma real baxmırlar. Çünki Ermənistan nə qədər Azərbaycanla razılığa gəlməyəcəksə, belə bir layihə baş tutmayacaq”. Partiya funksioneri hesab edir ki, Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Ermənistanla danışıqlar aparır: “Suriyada Türkiyənin MİT rəhbəri İbrahim Kalın Ermənistan XİN müavini ilə görüşərək, Zəngəzur dəhlizinin açılması ilə bağlı təkliflər verib. Prezident İlham Əliyev də Ermənistana müxtəlif kanallar vasitəsilə xəbərdarlıqlar edir. Hələ ki Paşinyan bununla bağlı obyektiv mövqe ortaya qoymayıb”.
Nə Azərbaycan, nə də Türkiyə Ermənistanın “Sülh kəsişməsi” layihəsini qəbul etməyəcək. Azərbaycan Naxçıvanla birləşəcək İran ərazisindən yolu inşa edir. Bu yol işə düşdükdən sonra Ermənistan rəhbərliyi Zəngəzur dəhlizinin açılmasına razı olacaq. İtirən tərəf məhz Ermənistan olacaq.
Siyasi ekspert Ramiyə Məmmədova əlavə etdi ki, bu gedişlə həqiqətən də Ermənistan dalan ölkə kimi yoluna davam edəcək və onların tranzit ölkəyə çevrilmə arzuları gözlərində qalacaq. Təhlilçi açıqladı ki, Prezident bəlkə də sonuncu dəfə İrəvanı xəbərdar etmiş oldu: “Bundan Paşinyan kabineti nəticə çıxarmalıdır. Əgər blokadada olan nəqliyyat kommunikasiyalarının açılması reallaşmasa, Rusiyanın Ermənistanı sıxması, onların Moskvadan asılılığı davam edəcək. Paşinyan Rusiyanın təsirini azaltmaq üçün bu layihələrin icrasına başlamalıdır. Amma Avropa Birliyi Paşinyana icazə vermir ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət etsin. Problem bu məsələdən qaynaqlanır. O zaman Ermənistan iqtisadiyyatı Rusiyanın təsirindən necə çıxa bilər? Azərbaycan yaxşı təklif irəli sürür, İrəvan dəyərləndirə bilmir”. Siyasi analitik 10 noyabr sənədinin imzalanmasından təxminən 5 ilə yaxın vaxt keçdiyini, bu müddətdə 9-cu bəndin yerinə yetirilmədiyini yada saldı: “Yeganə müddəadır ki, icra olunmur. Azərbaycan Ermənistana təzyiqləri gücləndirməklə buna nail ola bilər”.
Erməni politoloq Stepan Danielyan isə o qənaətdədir ki, Ermənistana qarşı növbəti tələb Zəngəzur dəhlizinin açılması, daha sonra azərbaycanlıların Ermənistana köçürülməsi olacaq. Onun fikrincə, Paşinyan “opportunist” olduğu üçün onun apardığı siyasət Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnəcək: “Paşinyan hökuməti tək qalıb, onun yeganə ümidi Türkiyə və Azərbaycandır”. Xatırladaq ki, İkinci Qarabağ müharibəsinin sonucu olaraq imzalanan Dağlıq Qarabağ atəşkəs bəyanatının 9-cu maddəsində Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsini təmin edəcək dəhlizin qurulması qeyd olunur. Zəngəzur dəhlizinin Bakıdan başlayaraq Horadizə qədər olan Azərbaycan hissəsi tamamlanmaq üzrədir. Dəhlizin Türkiyə hissəsinin uzunluğu 224 km-dir. Zəngəzur dəhlizi təkcə Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməyə xidmət etmir, perspektivdə o, Şərq-Qərb, Şimal-Cənub marşrutlarının da mühüm tərkib hissəsi olacaq. Bu səbəbdən dünya miqyasında Zəngəzur dəhlizinə böyük maraq var. ABŞ, Rusiya, Çin, Avropa ölkələrinin böyük əksəriyyəti, Mərkəzi Asiya dövlətləri və digərləri bu dəhlizin açılmasında maraqlı tərəf kimi çıxış edirlər.“Yeni Müsavat”