AZ

Qərbi Zəngəzurun Azərbaycandan qoparılaraq Ermənistana verildiyini bütün dünya bilməlidir

Bir neçə gün öncə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin Qərbi Zəngəzurun Sovet imperiyası tərəfindən zorla Azərbaycandan qoparılaraq Ermənistana verilməsi ilə bağlı səsləndirdiyi haqlı fikirlər, həm ölkəmizdəki Rusiya yönümlü qüvvələri,eyni zamanda  Rusiyanın müxtəlif siyasi dairələrini ciddi şəkildə narahat etməyə başlayıb.

Əslində Azərbaycan prerzidenti  İlham Əliyevin çıxışında Azərbaycanın haqq səsini həm regionda, həm də beynəlxalq aləmdə eşitdirmək və tarixi ədaləti bərpa etmək istiqamətində irəli atılmış bir addım kimi qiymətləndirilməli, milli düşüncə insanları, Azərbaycanın xarici ölkələrdəki diaspora təşkilatları, Qeyri-Hökumət təşkilatları daha da qabartmalı, beynəlxal gündəmə oturması üçün səfərbər olmalıdırlar. Sovet İttifaqının Azərbaycan xalqına qarşı törətdiyi cinayətlərə dair səsləndirilən fikirlər, tarixi ədalətsizliklərin beynəlxalq müstəviyə çıxarılması çox vacib və əhəmiyyətlidir. Zəngəzur, Xocalı və 20 Yanvar hadisələri yalnız keçmişin acı xatirələri deyil, həm də Azərbaycanın gələcək siyasi və diplomatik strategiyalarının əsas istiqamətlərini müəyyən edən tarixi hadisələr fonunda formaladırılmalıdır.

Cənab prezidentin son çıxışında tarixi ədalətsizlikləri və Sovet İttifaqının Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri bir daha gündəmə gətirərək, bu hadisələrin unudulmayacağını bəyan etməklə,  yalnız Zəngəzurun Ermənistana verilməsi ilə məhdudlaşmayıb, həm də Xocalı soyqırımı və 1990-cı ilin 20 Yanvar faciəsinin birbaşa Sovet rəhbərliyinin və Moskvanın məsuliyyəti olduğunu vurğulaması,  həm tarixi ədalətsizliklərə işıq tutmaq, həm də müasir dövrdə Azərbaycanın prinsipial mövqeyini ortaya qoymaq məqsədi daşıyır. Dövlətimizin başçısı çıxışında qeyd etdi ki, 1920-ci ildə Sovet hakimiyyətinin qərarı ilə Qərbi Zəngəzur Azərbaycanın tarixi ərazisindən qoparılaraq Ermənistana verilib. Bu qərar yalnız Azərbaycan ərazisinin parçalanmasına səbəb olmadı, həm də strateji əhəmiyyət daşıyan Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında coğrafi bağlantını kəsdi. Azərbaycan prezidneti vurğuladı ki, biz Zəngəzuru unutmamışıq və unutmayacağıq. Ermənistan Azərbaycandan Azərbaycana maneəsiz keçidi təmin etməklə öz öhdəliklərini yerinə yetirməlidir.

1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Xocalıda törətdiyi soyqırımı Azərbaycan tarixində ən dəhşətli səhifələrdən biri olduğunu qeyd edən  Azərbaycan prezidenti Xocalı faciəsini yalnız Ermənistanın cinayəti kimi deyil, eyni zamanda Sovet silahlarının və siyasi dəstəyinin nəticəsi kimi qiymətləndirib. Prezident vurğuladı ki, Xocalı hadisələri zamanı ermənilər Sovet İttifaqından miras qalan ağır texnika və hərbi dəstəkdən istifadə edərək Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirdilər. Xocalı soyqırımı həm də Sovetlərin Azərbaycanın maraqlarına və suverenliyinə qarşı sistemli düşmənçilik siyasətinin davamı idi. Bu faciə, beynəlxalq hüququn əsas prinsiplərinə qarşı açıq bir cinayət olmaqla yanaşı, Azərbaycan xalqının yaddaşında silinməz bir iz buraxıb. Azərbaycan Respublikasının prezidenti müstəqillik yolunda Azərbaycan xalqına və dövlətinə qarşı 1990-cı il 20 yanvarında imperiya tərəfindən həyata keşirilən terrora da toxunub. Dövlətimizin başçısı çıxışında 1990-cı ilin 20 Yanvarında baş verən hadisələri xüsusi qeyd edərək, bunun Sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı törətdiyi açıq cinayət olduğunu vurğulayıb.

“Həmin gün Sovet ordusu Bakıya daxil olaraq dinc əhalini qətlə yetirmiş, yüzlərlə insanın ölümünə və yaralanmasına səbəb olmuşdu”-deyən prezidentin sözlərinə görə, 20 Yanvar hadisələri yalnız Azərbaycanın müstəqillik istəyinə qarşı təzyiq deyil, eyni zamanda bir xalqın azadlıq arzularını qanla boğmaq cəhdi idi. “Biz 20 Yanvarı, Xocalını, Zəngəzuru və digər tarixi haqsızlıqları heç vaxt unutmayacağıq.”-bəyan edən Azərbaycan prezidentinin bu bəyanatı bir daha təsdiq edir ki, Azərbaycan tarixi cinayətlərin məsuliyyətini unutmur və öz xalqına qarşı törədilən haqsızlıqları daim beynəlxalq gündəmdə saxlayacaq.

Yuxarıda vurğuladığım ki, əgər Azərbaycanın müxtəlif ölkələrdə,xüsusilə də Avropa və digər ölkələrdə mövcud olan diaspora təşkilatları, qeyri-hökumət təşkilatları  tarixi ədalətsizliklərin tanınması, Sovet dövründə Azərbaycan xalqına qarşı törədilən cinayətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, tarixi həqiqətlərin dünya miqyasında qəbul olunmasına nail olmaq istiqamətində səyləri artırmalı, Azərbaycanın mövqeyini və strateji maraqlarını daha qəti şəkildə qabardılmasına səy göstərməlidirlər.

Hesab edirəm ki, Cənab prezidnetin çıxışı, Azərbaycan xalqının tarixində baş verən faciələrin unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün bu mövzular təkcə dövlət səviyyəsində deyil, eyni zamanda vətəndaş cəmiyyəti-diasporamız üçün bir yol xəritəsi olmalıdır. Prezidentin Zəngəzurla bağlı bəyanatlarını Xocalı soyqırımı və 20 Yanvar hadisələri ilə yanaşı təqdim etməsi, Sovet siyasətinin Azərbaycan xalqına qarşı ardıcıl şəkildə apardığı təzyiq və təcavüzün vahid xətt üzrə olduğunu göstərir. Bu paralellər həm tarixi həqiqətlərin bütöv şəkildə dərk edilməsinə, həm də Azərbaycanın mövqeyinin daha güclü şəkildə təqdim olunmasına imkan yaradır.

“Vətəninfo.az” İnformasiya Agentliyi

Baş redaktoru

Nahid Canbaxışlı

 

 

 

Seçilən
9
50
veteninfo.az

10Mənbələr