AZ

Bakının mövqeyi dəyişmədi- “Naxçıvana birbaşa maneəsiz yol”, İrəvan hələ nala-mıxa vurur...

Image

Əli Orucov: “Bu o deməkdir ki, Naxçıvana maneəsiz keçid təmin edilməsə sərhəd açılmayacaq”

“Həm beynəlxalq müstəvidə, həm Ermənistanla ikitərəfli təmaslar əsnasında biz daim bir məsələni qeyd edirik ki, Azərbaycandan Azərbaycana maneəsiz keçid olmalıdır. Heç bir yoxlamadan keçmədən, heç bir maneə ilə üzləşmədən Azərbaycandan Azərbaycana rahat və azad keçid olmalıdır”.

Bu barədə Prezident İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə bildirib.

Ölkə başçısının sözlərinə görə, Zəngəzur dəhlizi layihəsi Azərbaycan tərəfindən irəli sürülmüşdü: “İkinci Qarabağ müharibəsindəki Zəfərimizdən sonra bu məsələ beynəlxalq gündəliyə, beynəlxalq leksikona salındı və bu gün Zəngəzur dəhlizi artıq dünyada qəbul edilmiş ifadədir, qəbul edilmiş termindir. Əlbəttə ki, biz bu dəhlizin açılması üçün praktiki addımlar atırıq. Düzdür, Ermənistan tərəfi dörd ildən çoxdur ki, bu məsələ ilə bağlı qeyri-konstruktiv mövqe sərgiləyir, faktiki olaraq 10 noyabr kapitulyasiyasından sonra üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Orada açıq-aydın göstərilirdi ki, Azərbaycanın əsas hissəsi ilə onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır. Ermənistan isə buna əməl etmir, müxtəlif bəhanələr gətirərək, müxtəlif qeyri-real və cəfəng layihələri ortaya ataraq, sadəcə olaraq, beynəlxalq ictimaiyyətin fikrini çaşdırmaq istəyir, manipulyasiyalarla məşğuldur”.

Görünən odur ki, Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanın mövqeyinin dəyişməz və stabil olması onun uğurlarını təmin edəcək məqamlardan biridir.

Sözügedən məsələni bakı-xeber.com-a şərh edən AMİP funksioneri Əli Orucov hesab edir ki, bu, Ermənistana və onları himayə edənlərə verilən ciddi mesajdır: “Bu o deməkdir ki, Naxçıvana maneəsiz keçid təmin edilməsə sərhəd açılmayacaq. Ermənistanın arxasında hansı dövlətin dayanmasından asılı olmayaraq bu şərt təmin edilməlidir. Olmayacağı təqdirdə bu ölkə ilə sərhəd açılmayacaq, Azərbaycan üzərindən daşımaları həyata keçirilməyəcək. Bu məsələ Azərbaycan üçün olmazsa olmazdır. Düzdür, Zəngəzur dəhlizi məsələsi sülh sazişi layihəsindən çıxarılıb. Bu, öz yerində. Ancaq Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalansa belə, Naxçıvana maneəsiz giriş təmin edilməsə, sərhədlər açılmayacaq. Azərbaycan qalib tərəf olaraq güclü mövqedədir və davamlı olaraq bu məsələnin üzərinə gedəcək. Prezidentin son açıqlaması bunu bir daha sübut etdi. Üstəlik, dünyada bununla bağlı təcrübə də var. Məsələn, Rusiya Litva üzərindən Kalininqrada tranzit daşımaları maneəsiz təmin edir. Özü də bu yol uzundur. Rusiya Belarus və daha sonra Litva üzərindən bunu təmin edir. Litva üzərindən 100 kilometr məsafə qət edirlər. Ancaq Zəngəzur dəhlizinn uzubluğu vur-tut 43 kilometrdir. Yarım saata qatar dayanmadan Naxçıvana çata bilir. O zaman niyə də bu variant olmasın?”.

Vidadi ORDAHALLI





Seçilən
10
32
baki-xeber.com

10Mənbələr