Olaylar.az xarici mediaya istinadla xəbər verir ki, Şimali Koreya dövlət mediasının məlumatına görə, Kim Çen In nüvə materialı istehsalı müəssisəsini və Nüvə Silahları İnstitutunu ziyarət edib. O, nüvə müdafiə qabiliyyətinin təkmilləşdirilməsinin ölkənin "hərbi və siyasi dəyişilməz vəzifəsi" olduğunu vurğulayıb.
Lider çıxışında 2025-ci ili ölkənin nüvə enerjisi üçün "kritik il" adlandırıb və rəsmilərə silah istehsalında istifadə olunan nüvə materiallarının istehsalını artırmaq barədə tapşırıqlar verib. Kim Çen In bildirib ki, sülh və təhlükəsizlik yalnız güc yolu ilə təmin oluna bilər və bunun üçün nüvə müdafiə qabiliyyətinin gücləndirilməsi yeganə alternativdir.
Bu addım yanvarın 20-də vəzifəyə başlayan ABŞ Prezidenti Donald Tramp administrasiyasının Şimali Koreyaya qarşı siyasətinin hansı istiqamətdə olacağına dair maraq doğurub. Tramp vəzifəyə gəldikdən sonra Pxenyanı "nüvə gücü" kimi tanıyıb və Kim Çen In-ı "ağıllı adam" adlandırıb.
Bununla belə, Şimali Koreya keçən bazar günü su altından atılan idarəolunan strateji qanadlı raketi sınaqdan keçirib. Bu, Tramp administrasiyasının ilk günlərində Pxenyanın həyata keçirdiyi ilk silah testi olub.
Gələcəkdə ABŞ-Şimali Koreya münasibətlərinin necə formalaşacağı maraq doğurur.