AZ

Politoloq: Yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir

 AŞPA-nın hər problemi olduğu ölkəyə bu cür davranması sonunda üzvlərinin kəskin şəkildə azalmasına gətirib çıxara bilər


Avropa Şurası Parlament Assambleyası (AŞPA) Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad edilməsini tələb edən qətnamə qəbul edib.
Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib.
Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi müxanizmlərdən istifadəni dayandırmaq, "xarici agentlər” qanununu geri çəkmək tələb edilib.
Hakim Gürcü Arzusu partiyası sözügedən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.
Gürcüstanın Baş naziri İrakli Kobaxidze  AŞPA-nın ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb.
O, “İmedi” telekanalına müsahibəsində bildirib.
“Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”- deyə, o qeyd edib.

Politoloq Turab Rzayev "Sherg.az"a deyib ki, Avropa Şurasının (AŞ) qəbul etdiyi qətnamə Gürcüstanla mövcud münasibətlərin nəticəsidir:

"AŞ Gürcüstanda keçirilmiş seçkini tanımır və yenidən keçirilməsini istəyir. Həmçinin etiraz aksiyalarında polisin güc tətbiqinin əleyhinədir. Sözügedən qurum Gürcüstan parlamentinin "xarici agentlər" haqqında qanunu geri çəkməsini istəyir. Digər tərəfdən faktiki olaraq, rəsmi Tbilisi ilə AŞ arasında olan münasibətlər həddən artıq pisləşib. Rusiya ilə əlaqələri yaxşılaşdırdığı və Qərbdən uzaqlaşdığı üçün ölkənin rəhbər şəxslərinə ABŞ, Böyük Britaniya və Avropada müxtəlif sanksiyalar qoyulub. Ümumilikdə yaxın vaxtlarda AŞ ilə Gürcüstanın əlaqələrinin normallaşması gözlənilmir. Çünki rəsmi Tbilisi artıq Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) iştirakdan kənarlaşdırılıb və imtina edib. Bundan əvvəl eyni hal Krımın işğalında və Rusiya-Ukrayna müharibəsində də yaşanmışdı".

Politoloqun fikrincə, bütün bunlar AŞ-yə qarşı ziddiyətlərin yaranmasına səbəb ola bilər:
"Ona görə ki, hər problemi olduğu ölkəyə bu cür davranması sonunda üzvlərinin kəskin şəkildə azalmasına gətirib çıxara bilər. Həmçinin nəzərə almaq lazımdır ki, Gürcüstan artıq öz qərarını verib. AŞ və Qərb nə qədər təzyiq göstərsə də, rəsmi Tbilisi hələ ki bir müddət öz stabil kursuna davam edəcək".
Seçilən
7
9
sherg.az

10Mənbələr