AZ

Gürcüstandan yeni seçki tələb edildi,ölkə AŞPA-dan çıxarıldı, 1 aprelədək vaxt verildi...

Image

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Gürcüstanla bağlı yeni qətnaməsi bu qurumun bir daha mahiyyət etibarı ilə iflasa uğradığını göstərir. Yeni qətnamədə Gürcüstan hakimiyyətindən AŞPA-nın nəzarəti altında təcili növbədənkənar seçkilərin keçirilməsi tələb olunub.

Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb olunub. Hakim “Gürcü Arzusu” partiyası qeyd edilən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq. 114 deputat respublikanı “köhnə dünya” ölkələrinin diktəsinə məcbur etmək üçün səs verib. Yalnız 11 parlamentari suveren dövlətin işlərinə qarışmağın əleyhinə çıxış edib. Qətnamənin mətnində deyilir: “Yalnız yeni demokratik parlament seçkiləri Gürcüstanı siyasi dalandan çıxara bilər. Əks halda, hakimiyyətlə vətəndaş cəmiyyəti arasında etimad olmayacaq”. Bununla paralel olaraq, AŞPA cari sessiyada Gürcüstan parlamentinin nümayəndə heyətinin səlahiyyətlərini təsdiqləyib. Ancaq Gürcüstanın parlament nümayəndə heyəti yanvarın 29-da ölkə hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran əvvəlki qətnamənin qəbulundan sonra AŞPA-da fəaliyyətini dayandırıb. Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, hakim “Gürcü Arzusu” partiyasının üzvü Tea Tsulukiani bu xüsusda bildirb: “Gürcü Arzusu” komandasının birgə qərarı ilə səlahiyyətlərimizin təsdiqlənməsinə baxmayaraq, Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimizi dayandırırıq”. Onun sözlərinə görə, Gürcüstan hakimiyyətinin əleyhdarları gürcü nümayəndə heyətinin etimadnaməsinin AŞPA-da ümumiyyətlə tanınmamasını istəyirdilər, lakin qurum etimadnamələri tanıyıb, lakin müəyyən şərtlərlə, bunlardan biri də yeni parlament seçkilərinin keçirilməsi olub: “Bütün qeyd olunanları nəzərə alaraq, biz, Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri, Strasburq və Tiflisdə müzakirələr apardıq və “Gürcü Arzusu” komandasının ümumi qərarı ilə, səlahiyyətlərimizin təsdiq olunmasına baxmayaraq, bu gündən etibarən Parlament Assambleyasında işi dayandırırıq”. Tsulukiani həmçinin qeyd edib ki, Gürcüstan nümayəndə heyəti ölkəyə və xalqa qarşı şantaj dayandırıldıqdan sonra Avropa Şurası Parlament Assambleyasında fəaliyyətini bərpa edəcək. O əlavə edib ki, nümayəndə heyətinin etimadnaməsi ilə bağlı qeyd-şərtlər seçicilərin əksəriyyətinə və “Gürcü arzusu” ictimaiyyətinə xəyanət etməyə bərabər olardı: “Gürcüstan təbii ki, bir dövlət kimi Avropa Şurasının üzvü olaraq qalır. Ancaq bizim parlament nümayəndə heyətimizin üzvləri Parlament Assambleyasında iştirakını yalnız o zaman bərpa edəcəklər ki, gürcü dövlətinə və xalqına qarşı ədalətsiz münasibət dəyişəcək, şantajlara son qoyulacaq, rəsmi və qeyri-rəsmi bütün qərar qəbul edənlər, onların arxasında duran qüvvələr yaxşı anlayacaqlar ki, bu cür təzyiqlər Gürcüstanı və onun əhalisinin seçdiyi hökuməti heç bir anti-gürcü addım atmağa məcbur etməyəcək”.

Gürcüstanın baş naziri İrakli Kobaxidze Avropa Şurası Parlament Assambleyasının ölkədə yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsini absurd adlandırıb: “Bu qərar Avropa bürokratiyasının kifayət qədər çətin vəziyyətdə olduğunu göstərir. Bu, həm Brüsselə, həm də Strasburqa aiddir. Bunun başqa bir təzahürü isə ədalətsizlikdən çox, tamamilə absurd qərar idi”. Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib ki, Avropa Şurası Parlament Assambleyasının üzvləri Assambleyanı siyasi alətə çevirmək cəhdlərini dəstəkləməməli və bunun Assambleyanın özünə zərər verəcəyini anlamalıdırlar: “Gürcüstan nümayəndə heyəti AŞPA-da gürcü xalqının mövqeyini aydın və birbaşa şəkildə ifadə edir”. O əlavə edib ki, AŞPA-nın mahiyyəti dialoq platformasıdır və bu platformanın müəyyən siyasi qruplar tərəfindən alətə çevrilməsi qəbuledilməzdir: “Ümid edirəm ki, AŞPA siyasi alətə çevrilməyəcək”. Parlament sədri müxalifəti və onların tərəfdarı olan “Avropa Xalq Partiyası”nı Gürcüstana qarşı fəaliyyət göstərməkdə ittiham edib: “Müxalifət Gürcüstanın yox, xarici siyasi qrupların maraqlarını təmsil edir və ölkəmizə zərər vurmağa çalışır. Onların məqsədi Gürcüstanın Rusiya ilə gərginliyə çəkilməsidir”. AŞPA-ya paralel olaraq Avropa İttifaqı (Aİ) Şurası Gürcüstanla viza rejiminin sadələşdirilməsi sazişinin bəzi hissələrinin dayandırılması barədə qərar qəbul edib. Qərar nəticəsində gürcü diplomatlar və vəzifəli şəxslər Aİ-yə səfər edərkən vizaya müraciət etməli olacaqlar. Aİ Şurasının yaydığı məlumata görə, Gürcüstan diplomatları və rəsmiləri viza tələblərini yenidən tətbiq edən üzv dövlətə səfərlər üçün daha qısa müraciət müddətindən, aşağı viza rüsumlarından və daha az təsdiqedici sənədlər təqdim etmək imkanından da faydalana bilməyəcəklər. Polşanın daxili işlər naziri Tomaş Semonyak bildirib: “Əsas hüquqlar və demokratik dəyərlər Aİ-yə inteqrasiyanın əsas prinsipləridir. Bu dəyərləri tapdalayan ölkəni təmsil edən məmurlar Aİ-yə asan girişdən faydalanmamalıdır”. Aİ qərarın Gürcüstanın ötən il “Xarici təsirin şəffaflığı haqqında” qanun və “ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi” haqqında qanunvericilik paketini qəbul etməsinə reaksiya olduğunu bildirib. Qərar Avropa İttifaqına üzv ölkələrdə keçirilən rəsmi görüşlərdə və digər tədbirlərdə iştirak edən Gürcüstan rəsmi nümayəndə heyətlərinin üzvlərinə, Gürcüstan milli və regional hökumətləri və parlamentlərinin, Gürcüstan Konstitusiya Məhkəməsinin və Ali Məhkəmənin üzvləri, həmçinin diplomatik pasport sahiblərinə şamil ediləcək. Adi pasport sahibi olan Gürcüstan vətəndaşlarının Avropa İttifaqına qısamüddətli səfərləri zamanı vizadan azad edilməsi isə davam edəcək. Avropa İttifaqı və Gürcüstan arasında vizaların verilməsinin sadələşdirilməsi haqqında saziş 1 mart 2011-ci ildə qüvvəyə minib. Bu, Gürcüstan vətəndaşlarına Avropa İttifaqında istənilən 180 günlük müddətdə 90 gündən çox qalmamaq şərtilə viza verilməsinin sadələşdirilməsinə yönəldilib.

Nahid SALAYEV





Seçilən
3
20
baki-xeber.com

10Mənbələr