Qərar AŞPA-nın Gürcüstan hakimiyyətini yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsinə etiraz olaraq qəbul edilib
Gürcüstan Avropa Şurası Parlament Assambleyasında (AŞPA) fəaliyyətini dayandırıb.
Bu barədə jurnalistlərə Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib.
Qərar AŞPA-nın Gürcüstan hakimiyyətini yaxın aylarda yeni parlament seçkiləri keçirməyə çağıran qətnaməsinə etiraz olaraq qəbul edilib.
Qətnamə Gürcüstanda oktyabr ayında keçirilən parlament seçkiləri zamanı qeydə alınan geniş seçki pozuntularına, habelə etirazçılara, jurnalistlərə və vətəndaş cəmiyyəti nümayəndələrinə qarşı zorakılıq və təqiblərə cavab olaraq qəbul edilib.
Qətnaməyə əsasən, aprel sessiyasında Gürcüstan nümayəndə heyətinin etimadnaməsinə yenidən baxılacaq.
Qərarda Gürcüstan hakimiyyətindən tələb olunurdu ki, aprelə qədər:
- Yeni "həqiqi demokratik” parlament seçkiləri elan etsin;
- Bütün siyasi məhbusları azad etsin;
- Polis vəhşiliyinə və insan hüquqlarının pozulmasına son qoyulsun və bununla bağlı bu vaxta qədər baş verən hadisələri effektiv şəkildə araşdırsın;
- Etirazçılara, jurnalistlərə və vətəndaş cəmiyyəti liderlərinə qarşı məhkəmə proseslərindən sui-istifadə hallarına son qoysun;
- "Xarici agentlər” haqda qanunu ləğv etsin;
- Gürcüstanda "xalqın Avropa istəklərinə uyğun olaraq” Avropaya inteqrasiya prosesini bərpa etmək imkanı verilsin.
Qətnamə Gürcüstan nümayəndə heyətini bir sıra hüquqlardan, o cümlədən bir sıra əsas komitələrin üzvü olmaqdan məhrum edib.
Tea Tsulukiani bu addımı Gürcüstan üçün "qəbuledilməz, ədalətsiz və əsassız” adlandırıb.
"AŞPA son günlər nümayəndə heyətimizin etimadnaməsinin təsdiq edilib-edilməməsi ilə bağlı müzakirələr aparır. Bir çox insanlar, hər şeydən əvvəl bizim müxalifət və bir çox qeyri-hökumət təşkilatları yeni parlamentin nümayəndə heyətinin etimadnaməsinin təsdiqlənməsinə qarşı mübarizə aparırdılar. Onların planı əvvəlcə komitə dinləmələrində, sonra isə assambleyanın 306 üzvündən yalnız 43-nün Gürcüstan nümayəndə heyətinin etimadnaməsindən məhrum edilməsinə səs verdiyi plenar iclasda iflasa uğradı”, Tsulukiani bildirib.
O deyib ki, Gürcüstan parlamentinin yeni nümayəndə heyətinin etimadnamələri yekun səsverməyə çıxarılaraq təsdiqlənsə də, həmin sənəddə bir sıra qəbuledilməz qeyd-şərtlər var: "Bu qeyd-şərtlər ədalətsiz və əsassız olduğu üçün bizim üçün qəbuledilməzdir. Bundan başqa, yeni seçkilərə aid olan birinci qeyd-şərt assambleyanın yurisdiksiyasından kənara çıxır, dövlətimizin suverenliyini pozur, faktlara və 1 milyon 120 mindən çox seçicinin iradəsinə məhəl qoymur. Bu qeyd-şərti qəbul etmək seçicilərimizə və bununla da ictimaiyyətimizin böyük əksəriyyətinə xəyanət etmiş olar”.
O əlavə edib ki, onlar "yalnız Gürcüstan dövlətinə və gürcü xalqına qarşı ədalətsiz münasibət dəyişdikdən sonra” AŞPA-da iştirakların yeniləyəcəklər.
Həmin gün axşam saatlarında hökumətyönlü "İmedi” telekanalında danışan baş nazir İrakli Kobaxidze qərarın ölkə üçün "heç bir əhəmiyyəti olmadığını” deyib.
Parlamentin spikeri Şalva Papuaşvili deyib ki, onlar "AŞPA öz ilkin dəyərlərinə qayıdana qədər” nümayəndə heyətini geri çağıracaqlar.
AŞPA Prezidenti Teodoros Rusopulos Gürcüstan hökumətinin assambleyadan çıxmaq qərarından "təəssüfləndiyini” bildirib.
O əlavə edib ki, bu, "Gürcüstanda demokratik standartların irəliləməsinə kömək edə biləcək dialoqa təhlükə yaradır”.