Vətən uğrunda qan, dostunuz uğrunda göz yaşı, ailəniz uğrunda tər tökün demişlər..
Sözsüz ki, Allah, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir Şəhid olmaq.
Bəli, əziz, doğma, qəhrəman Şəhidlərimiz!
Qərinələr, əsrlər keçəcək və keçməsinə baxmayaraq, əsla unudulmayacaq insanlardır şəhidlər..
Bəli, əziz canlarından keçməklə Azərbaycan xalqının qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb qanı ilə yazanlardır şəhidlər..
O qəhrəman oğullarımızdan biri də, Vətən müharibəsində canından keçmiş MAXE Nazim Eynulla oğlu Beydiyevdir.
“Şəhid ailəsi”, “Şəhid atası”, “Şəhid anası”, “Şəhid məzarı”, – Ana Yurdumuzun hər guşəsindən bəzən hüzünlə, bəzən də qürürla səslənilən bu sözlər hər zaman ehtiramla anılacaq ifadələrdir..
Hər bir halda, bu gün, ərazi bütövlüyümüzün təmin olunması, əzəli-əbədi Qarabağ torpaqlarımızın, tarixi mədəniyyət mərkəzimiz olan Şuşamızın mənfur düşmən tapdağından azadlığa qovuşmasını şəhidlərimizə borcluyuq..
Bütün bunların qarşılığında əlbətdə ki, Şəhid ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.
Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, qazilərə
yüksək diqqət və qayğı göstərilməsi hər zaman dövlət siyasətinin prioritet məsələsi olmuşdur. Birbaşa Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və I vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və nəzarətində olan bu məsələ ilə bağlı ən ali səviyyədə müvafiq göstərişlər verilir və onların problemlərinin həlli istiqamətində mühüm tədbirlər mütəmadi olaraq həyata keçirilir.
Ancaq bütün bu tapşırıqları hər zaman layiqincə yerinə yetirən dəyərli vətən oğullarımız da var. Bunlardan biri də “Biz hər zaman cənab Ali Baş Komandanın əsgərləriyik” deyən
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) nəzdində olan 19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallıdır.
Nazim Eynallı əhalinin həssas qruplarına, şəhid ailələrinə hər zaman göstərdiyi diqqət və qayğı ilə seçilir. N. Eynallı həmişə dövlətimiz tərəfindən şəhid ailələrinin sosial müdafiəsinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirilən tədbirlərdə də yaxından iştirak edir.
Həmçinin şəhid ailələrinin, qazilərin evlərinə gedən yolların çəkilməsi, təmir-bərpa işlərini daimi olaraq reallaşdırır.
19 saylı Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Nazim Eynallının həmçinin Vətən müharibəsində canından keçmiş MAXE Nazim Eynulla oğlu Beydiyevin ev muzeyinin yaradılmasında olan rolu və xidməti, eyni zamanda ailəsinə olan diqqət və qayğısı təqdirəlayiq haldır..
Qeyd edək ki, Nazim Beydiyev 1991-ci il yanvarın 24-də Şamaxı rayonunun Mirikənd kəndində anadan olub. 1997-2008-ci illərdə Mirikənd kənd tam orta məktəbində təhsil alıb. Nazim Beydiyev 2009-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2009-2010-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Nazim orta məktəbi bitirdikdən sonra müddətli həqiqi hərbi xidmətə yollanıb. O, xidmətini bitirdikdən sonra müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olub, Ordu sıralarına qayıdır.
Hərb sənəti çətin peşə olduğundan ilk əvvəl anası övladının qərarı ilə razılaşmasa da, zamanla qəbul etməli olub.
Beləcə, Nazim təlim kursunu uğurla başa vuraraq yenidən Orduya qayıdıb. Çalışdığı bir neçə il ərzində özünü səliqəli, nizam-intizamlı hərbi qulluqçu kimi tanıdıb, bir sıra təltiflərə layiq görülüb.
Sentyabrın 27-si müharibə başlayanda Nazim də ön cəbhədə, səngərlərdə olub.
Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ, Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb.
Mütəmadi olaraq ailəsi ilə əlaqə saxlayıb yaxşı olduğunu deyirmiş.
Oktyabrın 3-ü əmisinə zəng edib, Nazimin ağır yaralı olduğunu deyiblər. Çox çəkmir ki, son döyüş yeri olan Suqovuşanda şəhid olması xəbəri gəlir. Nazim Beydiyev oktyabrın 2-də Suqovuşan döyüşləri zamanı şəhid olub.
Nazim Beydiyev Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub. O, ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif edilib. Onu da qeyd edək ki, Nazimin atası da birinci Qarabağ müharibəsinin iştrakçısı olub.
Allah Vətən müharibəsi Şəhidi MAXE Nazim Eynulla oğlu Beydiyevə və bütün şəhidlərimizə rəhmət eləsin!