AZ

Fransanın yuyulmamış qaşıq siyasəti

Afrikadan çıxarılan, Asiyada yer verilməyən, Avropa İttifaqında hegemon kimi davranan Makron hakimiyyəti hikkəsini Cənubi Qafqazda, xüsusən Ermənistanda həyata keçirmək, Azərbaycana qarşı çıxışlarla reallaşdırmağa səy göstərir

Daim ali dəyərlərdən dəm vuran, digər dövlətlərə və xalqlara dərs keçməyə çalışan Fransa xarici və daxili siyasətdə uğursuzluqlar yaşayır. İndiki rəhbərliyin yarıtmaz siyasətinin nəticəsidir ki, ölkə problemlərdən çıxa bilmir. Bunun da tək bir səbəbi var - ədalətsiz və qərəzli mövqe. Fransanın indiki hakimiyyəti, hökuməti ölkənin beynəlxalq nüfuzuna zərbə vurmaqla məşğuldur. Yelisey Sarayı hələ də müstəmləkə ruhundan azad ola bilmir. Prezident Emmanuel Makron sələflərinin Makron üçün topladıqları imici dağıdır. Bu ölkə daha çox başqa dövlətlərin daxili işinə müdaxilə etməklə özünü dünyanın aparıcı dövlətləri sırasında saxlamağa çalışır. Afrikadan çıxarılan, Asiyada yer verilməyən, Avropa İttifaqında hegemon kimi davranan Fransa hakimiyyəti hikkəsini Cənubi Qafqazda, xüsusən Ermənistanda həyata keçirmək, Azərbaycana qarşı çıxışlarla reallaşdırmağa səy göstərir.

Bu günlərdə Fransanın Xarici İşlər Nazirliyi “Bakı Təşəbbüs Qrupunun Yeni Kaledoniyada siyasi prosesi pozmağa çalışdığını və Azərbaycanın Fransanın daxili işlərinə müdaxiləsinin qəbuledilməz olduğunu” bildirib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın xarici işlər naziri Jan-Noel Barroya cavab verib: “Fransanın xarici işlər naziri Jan-Noel Barronun Azərbaycanı dənizaşırı ərazilərin işlərinə qarışmaqda ittiham edən şərhi Fransanın Yeni Kaledoniya yerli əhalisinin tələblərinə qarşı hərəkətsizliyini ört-basdır etmək cəhdidir”. Bakı Təşəbbüs Qrupu Fransanın hələ də yürütdüyü müstəmləkə siyasətini, dənizaşırı bölgələrdə rəsmi Parisin törətdiyi qanunsuz, insanlığa zidd əməlləri mütərəqqi, antikolonial dünya ictimaiyyətinin diqqətinə çatdırmağı hədəfləyir. Makron hakimiyyəti, o cümlədən xarici işlər naziri Jan-Noel Barro həmin ərazilərdə reallığın yayılmasını əngəlləməyə, müstəmləkəçi fəaliyyətə don geyindirməyə çalışır. Halbuki Fransa hakimiyyətinin dənizaşırı bölgələrdə müstəqilliyə qarşı törətdiyi zorakılıq əməllərinə etiraz aksiyaları keçirilir. Ötən il rəsmi Parisin bu etirazları yatırmaq cəhdləri nəticəsində 14 aksiyaçı ölüb, çoxlu sayda insan isə yaralanıb.

Qeyd edək ki, yanvarın 12-də Yeni Kaledoniyada müstəqillik uğrunda mübarizə aparanların ənənəvi anım günü qeyd olunub. Kanala şəhərində keçirilən anım mərasimində çıxış edən Yeni Kaledoniya hökumətinin üzvü, nazir Maykl Forrest (Mickael Forrest) tədbirin əhəmiyyətindən danışaraq, bununla müstəqillik uğrunda mübarizə aparan liderlərin qətiyyəti və cəsarətinin yad edildiyini bildirib. Qeyd edək ki, Fransa rəsmiləri və bu ölkənin Yeni Kaledoniyadakı havadarları tərəfindən son zamanlar Azərbaycana qarşı hücumlara cavab olaraq nazir Forrest Azərbaycanla həmrəyliyini göstərmək üçün Fransanın dövlət televiziya kanalı “Franceinfo.1” qarşısına Bakı Təşəbbüs Qrupunun loqosu əks olunan baş geyimində çıxıb. Rəsmi Parisin Yeni Kaledoniyadakı xidmətçiləri M.Forresti bu addımına görə qınayıblar. Yeri gəlmişkən, 40 il əvvəl – 1985-ci il yanvarın 12-də Yeni Kaledoniyanın müstəqilliyi uğrunda mübarizə aparmış Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) görkəmli üzvləri Eloy Maçoro (Eloi Machoro) və Marsel Nonnaron fransız hərbçiləri tərəfindən amansızcasına qətlə yetiriliblər.

Bu gün Yeni Kaledoniya sakinləri Fransadan ayrılmaq, müstəqil olmaq istəyir. Bu yolda mübarizə aparır, etiraz aksiyası keçirirlər. Yelisey Sarayı isə Əlcəzair, Ruanda, və başqa ölkələrdə törətdiyi cinayətləri dənizaşırı bölgələrdə də təkrarlayır. Aksiya iştirakçılarını qətlə yetirir. Bununla müstəmləkə baxışı və davranışının dəyişmədiyini göstərir.

Fransa Ermənistanın və ermənilərin törətdiyi cinayətləri müdafiə etməklə, bir çox hallarda onlara köməkliklər göstərməklə suç ortağı olub. Belə bir dövlət əməllərinə don geyindirmək məqsədi ilə Azərbaycanı ittiham edir. Fransa müharibədən sonrakı dövrdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması istiqamətində görülən işlərə, atılan addımlara mane olmaqla məşğuldur. Hələ İkinci Qarabağ müharibəsi zamanı başda Prezident Makron olmaqla Fransa rəsmilərinin münaqişənin tənzimlənməsinə xidmət etməli olan həmsədr ölkəyə əsla yaraşmayan aşkar birtərəfli ermənipərəst mövqedən çıxış etmələri ilə artıq bütün maskalar yırtılmışdı. Müzəffər Azərbaycan Ordusunun zəfər yürüşünün qarşısını almaq naminə Prezident Makron və onun əsabələri nələr etmədi?! Makron ABŞ-ı, NATO-nu, Almaniya və Rusiyanı tərəf kimi konfliktə qoşmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxmaqda idi. Sanki müharibə Fransa ərazisində, yaxud da onun prefektlərindən birinin ərazisində gedirdi. 30 il ərzində işğal altında saxlanılan əraziləri viranəyə çevirənləri himayə edənlər Qarabağda erməni-xristian mədəni irs nümunələrinin təhlükə altında qaldığına dair iftira və yalanlar yaymağa başladılar. Bu dərəcədə də simasızlıq və riyakarlıq olar?!

Yaxşı olardı, Fransa öz daxili işləri və problemləri ilə məşğul olsun - yüzminlərlə insanın ardıcıl olaraq mitinqlər, etiraz nümayişləri keçirməsi Makron hökumətinin düşünməli olduğu ilk mövzulardan olmalıdır. Fransada cərəyan edən son hadisələr, etiraz aksiyalarına səbəb olan insanların üzləşdikləri çox sayda sosial problemlər onu göstərir ki, başı digər ölkələrin daxili işlərinə müdaxilə etməyə qarışan Makron hakimiyyəti öz xalqının problemlərinin həlli ilə məşğul olmaq istəmir. Dünyaya demokratiya, insan haqları dərsi keçən Fransa dinc aksiya iştirakçılarına qarşı da elə öz "prinsiplərinə" uyğun hərəkət edir. Belə ki, sosial tələblər səsləndirən insanlara zor tətbiq edilir, həbs olunurlar, polis onların üzərinə atlarla hücum edir, gözyaşardıcı qazlardan, dəyənəklərdən istifadə edir. Eyni ssenari bir sıra digər Avropa ölkələrində də tətbiq olunur. Fransa həmişə olduğu kimi, bu məsələlərdə də bir addım "öndədir". Ümumiyyətlə, Emmanuel Makron Fransanın tarixində ən uğursuz dövlət başçısı hesab olunur. Onun siyasəti qarşıdurma yaratmaq, digər ölkələrin daxili işlərinə burun soxmağa hesablanıb. Müstəmləkəçilik, işğalçılıq siyasəti Fransa tarixi üçün qara ləkədir. Bu ölkə təkcə Əlcəzairdə 1,5 milyonlarla günahsız insanın qatilidir. Amma Makron öz addımları ilə bu gün də bu xəttindən əl çəkmək niyyətində olmadığını nümayiş etdirir. Onun bu gün hər vasitə ilə Cənubi Qafqaza soxulub, burada təsir rıçaqları yaratmağa çalışması da dediyimizin sübutudur.

Sevinc Azadi, “İki sahil”

Seçilən
2
3
ikisahil.az

10Mənbələr