Makron hakimiyyətə gəldikdən sonra Azərbaycan əleyhinə siyasət yürütməyə başlayıb.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Tural Gəncəliyev Bakıda keçirilən "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi" adlı beynəlxalq tədbirin "Fransanın Ermənistan-Azərbaycan münaqişəsində rolu" mövzulu birinci panel sessiyasında deyib.
O qeyd edib ki, tarixən Fransa ilə Azərbaycanın güclü praqmatik və mədəni əlaqələr mövcud olub:
"Azərbaycanın əksər məşhur ziyalıları Cümhuriyyət dövründə təhsillərini məhz Fransada alıblar. Əhməd bəy Ağaoğlu kimi ziyalılar öyrəndiklərini gəlib ölkəmizdə tətbiq etmişdilər. Yəni tarixən bizim belə güclü əlaqələrimiz olub. Sovet İttifaqının süqutundan sonra Fransa özünü neytral göstərməyə çalışırdı. Amma görünürdü ki, Ermənistana Fransanın diplomatik dəstəyi var. Fransız siyasətçilərin Ermənistana rəğbətini aşkar görünürdü".
T.Gəncəliyev qeyd edib ki, 2003-cü ildən bəri Fransa-Azərbaycan münasibətləri yeni bir müstəviyə qədəm qoyub: "Azərbaycanın güclənməsi Fransada bəzi dairələri ciddi narahat edirdi. Fransada erməni diasporu onların elitasına birbaşa təsir etmək gücünə malikdir".
Deputat vurğulayıb ki, 2017-ci ildə Makron hakimiyyətə gəldikdən sonra münasibətlər bir növ süquta uğradı: "2020-ci ilə qədər Fransa Ermənistana gizli şəkildə dəstək göstərirdisə, İkinci Qarabağ müharibəsindən sonra Fransa anti-Azərbaycan münasibətini açıq şəkildə nümayiş etdirməyə başladı".