AZ

Azərbaycanın nəqliyyat strategiyası: davamlı iqtisadi inkişaf amili

Son onilliklərdə Azərbaycanın uğurlu siyasəti ölkəni regionun mühüm nəqliyyat mərkəzinə çevirib. Dövlət başçısının yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə vurğuladığı kimi, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzlərindən biridir. Azərbaycan dünya okeanlarına çıxışı olmayan bir ölkədir, strateji yerləşmə üstünlüklərindən və səmərəli nəqliyyat infrastrukturundan istifadə edərək, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin mühüm məkanını kimi tanınır. Bu dəhlizlərin aşırma qabiliyyətinin artırılması üçün əlavə investisiyalar cəlb olunması, regional yükdaşımaların həcminin artması və ölkənin tranzit potensialının genişləndirilməsi istiqamətində mühüm addımlar atılır.

Region üçün mühüm əhəmiyyət kəsb edən Zəngəzur dəhlizi Azərbaycan tərəfindən irəli sürülmüş və beynəlxalq səviyyədə tanınmış bir təşəbbüsdür. Bu layihə İkinci Qarabağ müharibəsindən sonra beynəlxalq gündəlikdə öz yerini tutaraq, regionda yeni reallıqların əsasını təşkil edir. Prezident İlham Əliyevin çıxışında qeyd olunduğu kimi, Ermənistanın dörd ildən çoxdur ki, qeyri-konstruktiv mövqeyi bu prosesin qarşısını alsa da, Azərbaycanın prinsipial mövqeyi və beynəlxalq hüquqa əsaslanan tələbləri bu dəhlizin reallaşmasını təmin edəcək.

Ermənistanın “Sülh kəsişməsi” layihəsi kimi manipulyasiyalarına rəğmən, Azərbaycanın iştirakı olmadan bu cür təşəbbüslərin heç bir dəyəri yoxdur. Azərbaycan öz şərtlərini irəli sürərək, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini tələb edir. Bu dəhliz yalnız Azərbaycanın iqtisadi potensialını artırmaqla kifayətlənməyəcək, həm də regionda iqtisadi inteqrasiyaya və əməkdaşlığa yeni imkanlar yaradacaq.

Prezident İlham Əliyevin çıxışında vurğulanan digər vacib məqam Ermənistanın tranzit ölkəyə çevrilmək planlarının iflasa uğramasıdır. Bu gün Ermənistan iqtisadi və coğrafi cəhətdən dalan bir ölkə kimi qalır. Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birbaşa nəqliyyat bağlantısını təmin etmək tələbi beynəlxalq hüquqa əsaslanır və bu prosesin qarşısını almaq Ermənistan üçün daha çox iqtisadi və siyasi itkilərlə nəticələnəcək.

Azərbaycanın işğaldan azad edilmiş ərazilərində sürətlə həyata keçirilən nəqliyyat layihələri, regionun yenidən qurulması və ölkə iqtisadiyyatının inkişafı üçün əsas rol oynayır. 3400 kilometrə yaxın avtomobil yolunun tikintisi, Horadiz-Ağbənd və Bərdə-Ağdam dəmir yollarının inşası kimi irimiqyaslı təşəbbüslər bu əraziləri ölkənin iqtisadi dövriyyəsinə qaytarır. Bu, həmçinin, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışını təmin etmək üçün mühüm addımdır.

Son 20 ildə Azərbaycanın hava nəqliyyatı sahəsində əldə etdiyi nailiyyətlər regionda lider mövqeyə sahib olmağını təsdiqləyir. Dörd yeni beynəlxalq hava limanının tikintisi, mövcud olanların müasir standartlara uyğun yenidən qurulması Azərbaycanın hava nəqliyyatı potensialını artırmışdır. Bu infrastruktur istənilən yüklərin və sərnişin axınlarının qarşılanmasına imkan verir.

Sadalanan amillər ölkədə nəqliyyat infrastrukturunun inkişafına verilən əhəmiyyətin davamlı və strateji xarakter daşıdığını göstərir. Burada diqqət çəkən əsas məqam yeni dövlət proqramının hazırlanmasıdır ki, bu da inkişaf proseslərinin davamlılığını təmin etmək məqsədi daşıyır. İnvestisiya Proqramı nəqliyyat layihələrinin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaitinin ayrıldığını göstərir. Bu, hökumətin infrastruktura böyük həcmdə sərmayə qoyduğunu və bu istiqamətdə iradəli addımlar atdığını sübut edir.

Prezident İlham Əliyevin çıxışında qeyd olunan məsələlər Azərbaycanın nəqliyyat strategiyasının, iqtisadi inkişafın və regional liderliyinin uğurlu bir göstəricisidir. Azərbaycanın irəli sürdüyü layihələr yalnız ölkənin iqtisadi potensialını artırmır, həm də regionda sabitliyin və əməkdaşlığın inkişafına töhfə verir. Bu istiqamətdə görülən işlər həm daxili inkişafı, həm də beynəlxalq təsiri gücləndirir.

Nurlan Həsənov,
​Milli Məclisin deputatı

Seçilən
20
37
ikisahil.az

10Mənbələr