Müasir dövrdə nəqliyyatsız həyatı təsəvvür etmək mümkün deyil. Nəqliyyatın vəziyyətinə görə ölkənin rifah səviyyəsi də qiymətləndirilir.Nəqliyyatın köməyi ilə biz Yer kürəsinin müxtəlif yerlərinə gedə bilər və əlçatmaz əngəllikləri fəth edə bilərik.
Azərbaycanın əlverişli coğrafi mövqeyi onu qədimdən şərqdən qərbə,qərbdən şərqə gedən nəqliyyat dəhlizlərin mərkəzinə çevirib,məşhur İpək Yolunun ən işlək qolları da Azərbaycandan keçib.
Müstəqillik bərpa olunandan sonra nəqliyyat dəhlizlərinin bərpası ölkəmiz üçün vacib məsələlərdən olub və 1998-ci ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tarixi İpək Yolunun bərpası üzrə beynəlxalq konfrans kecirilib,mühüm qərarlar qəbul edilib.
Müasir dövrdə dünya gündəmini zəbt edən qloballaşma,sürətli inteqrasiya və davamlı inkişaf ölkəmizin nəqliyyat sisteminin təkmilləşməsinə və müasirləşməsinə təkan verdi. Qlobal iqtisadi məkanda cərəyan edən sosial-iqtisadi proseslərdə fəal iştirak etmək,xarici bazarlara səmərəli çıxış əldə etmək və rəqabət qabiliyyətli milli sənayeyə sahib olmaq ,eyni zamanda, iqtisadiyyatın sürətli və hərtərəfli inkişaf etməsi üçün nəqliyyat sektorunun çox böyük rolu var.
Yanvarın 29-da paytaxtda nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirilib.Azərbaycan Respublikanın Prezidenti İlham Əliyev müşavirədə çıxış edib. Prezident çıxışında nəqliyyat infrastrukturun müasirləşməsinin vacib olduğunu bildirdi.Eyni zamanda dövlət başçısı bu günə qədər nəqliyyat sahəsində icra edilən bir çox layihələrdən,müasir avtomobil yollarının salınmasından danışdı.
Prezident İlham Əliyev bildirdi ki,ölkəmizin əlverişli coğrafi mövqeyi olsa da, onu nəqliyyat qovşağına çevirmək üçün səylər göstərmək,praktiki işlər görmək lazım idi və Azərbaycan bu işin öhdəsindən layiqincə gəldi. O bildirdi ki,adətən nəqliyyat mərkəzlərinə dünya okeanına çıxışı olan ölkələr çevrilir.Azərbaycanın dünya okeanına çıxışı olmasa da , regionda nəqliyyat və logistika mərkəzi olmuşdur.Dövlət başçısı vurğuladı ki, bu gün Azərbaycan Avrasiyanın əvəzolunmaz nəqliyyat mərkəzinə çevrilib.Ölkə rəhbəri respublikamızın ərazisindən keçən Şərq-Qərb,Şimal-Cənub nəqliyyat dəhlizlərinin daha səmərəli fəaliyyəti üçün rəqəmsallaşmanın,qonşu ölkələrlə yeni əməkdaşlıq formalarının,müştərək müəsissələrin yaradılmasını qeyd etdi. Hazırda Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız təsəvvür etmək mümkün deyil.
Cənab Prezident indi Azərbaycanın regionda əsas nəqliyyat və logistika mərkəzinə çevrilməsi istiqamətində atılan addımları qeyd etdi.Bu məqsədlə həyata keçirilən layihələr ölkəmizin tranzit potensialının artırılmasına da xidmət edir.
Dövlət başçısı Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisində rastlaşdığı maneələri yada salıb, və bu strateji layihənin həqiqətən də indi Azərbaycan ərazisindən keçən yüklərin Mərkəzi Asiyadan Avropaya və əks istiqamətə daşınmasında mühüm rolu olduğunu və gələcəkdə bir çox ölkələrin də bu yoldan faydalanacağını bildirdi.
Həmçinin Prezident İlham Əliyev hava və dəniz nəqliyyatında aparılan quruculuq və yenidənqurma işlərinə nəzər salıb, bu sahədə nəqliyyatın beynəlxalq standartlara uyğun təkmilləşdirilməsini,müasirləşməsini və yeniləşməsini qeyd etdi.
Prezident İlham Əliyev nəqliyyat sektorunda rəqəmsal texnologiyaların tətbiqinin vacibliyini də vurğuladı. O, intellektual nəqliyyat sistemlərinin yaradılması və nəqliyyat xidmətlərinin keyfiyyətinin artırılması istiqamətində atılan addımların əhəmiyyətini qeyd etdi.
Dünya ölkələri arasında iqtisadi əlaqələrinin genişlənməsi və inteqrativ proseslərin sürətlənməsi nəqliyyat sisteminin hər bir ölkənin milli iqtisadiyyatının əsas sütunlarından olduğunu təsdiqləmişdir. Ona görə də nəqliyyat sisteminin davamlı inkişafı böyük həcmdə kapital qoyuluşunu,çoxlu sayda iri nəqliyyat qovşaqlarının tikintisini və yenidən qurulmasını tələb edir.Azərbaycan Respublikasının Prezidendi İlham Əliyevin rəhbərliyi ilə nəzərdə tutulan bütün layihələr yüksək səviyyədə uğurla davam etdirilir və reallaşdırılır.
Elnarə Rüstəmova,
Xətai rayonu, 55 nömrəli tam orta məktəbin tarix müəllimi