Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Azərbaycan Kuboku və İkinci Liqanın sonuncu oyunları ilə bağlı bəzi qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısı ilə sizi də tanış edir:
Azərbaycan Kuboku, yarımfinalın ilk oyunları
“Araz-Naxçıvan” – “Qarabağ” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Naxçıvan klubu 700 manat cərimə edilib.
“Neftçi” – “Sabah” oyununda “Neftçi”nin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə sözügedən klub 1500 manat cərimə edilib. Oyunun 90+3-cü dəqiqəsində “Sabah”ın məşqçisi Aleksey Antonyuk hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. “Sabah” buna görə 4000 manat cərimə ödəyəcək. Sınaq müddəti 3 ay təyin edilib.
İkinci Liqa, 19-cu tur
“Hypers Quba” – “Ağdaş” oyununda “Hypers Quba”nın 5 futbolçusu sarı vərəqə aldığı üçün Quba komandası 70 manat cərimə edilib. Oyunun 89-cu dəqiqəsində “Hypers Quba”nın futbolçusu Baxşəli Baxşəliyev ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb. Quba komandası buna görə 150 manat cərimə edilib. Oyunun 90+4-cü dəqiqəsində “Hypers Quba”nın futbolçusu Xaqan Məmmədov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Quba komandası buna görə də 50 manat cərimə ödəyəcək.
Oyun bitdikdən sonra “Hypers Quba”nın prezidenti Ayaz Abdullayev hakimi təhqir etdiyinə görə 3 oyun şərti olmaqla 5 oyun cəzalanıb. Quba komandası buna görə 400 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. Oyun bitdikdən sonra “Hypers Quba”nın məşqçisi Rəsul Babazadə meydana daxil olaraq hakimi təhdid etdiyinə görə 2 oyun cəzalanıb. Quba komandası buna görə 100 manat cərimə edilib. Meydançaya kənar şəxslər daxil olduğuna görə “Hypers Quba” 80 manat cərimə ödəyəcək.
“Şəki Siti” – “Şahdağ Qusar” oyununun 55-ci dəqiqəsində “Şəki Siti”nin azarkeşləri tərəfindən rəqib futbolçulara kənar əşyalar atıldığına görə Şəki komandası 80 manat cərimə edilib. “Şəki Siti”nin azarkeşləri tərəfindən rəqib futbolçuların ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə Şəki komandası 50 manat cərimə edilib. Oyun bitdikdən sonra “Şəki Siti” təhlükəsizliyi düzgün təmin etmədiyinə görə Şəki komandası 400 manat cərimə edilib. “Şəki Siti” baş verənlərlə əlaqədar növbəti ev oyununu azarkeşsiz keçirəcək.
“Şəmkir” – “Qusar” oyunu “Qusar”ın formasında qüsurlar olması səbəbindən gec başladığına görə sözügedən komanda 80 manat cərimə edilib. Bu oyunda Əsasnamənin tələbləri pozulduğuna görə “Şəmkir” komandası 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 80 manat cərimə edilib.
“Şimal” – “Kür-Araz” oyununda “Kür-Araz”ın 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” 70 manat cərimə edilib.
“Araz Saatlı” – “Dinamo” oyununun matçöncəsi iclasında “Dinamo”nun nümayəndəsi iştirak etmədiyinə görə sözügedən komanda 80 manat cərimə edilib.
“Füzuli” – “Göygöl” oyununda Əsasnamənin tələbi pozulduğuna görə “Füzuli” komandası 50 manat cərimə edilib.
AFFA Region Liqası
AFFA İntizam Komitəsi bu qurumun bayrağı altında keçirilən bəzi liqalarla da bağlı qərarlar qəbul olunub. AFFA Region Liqasının son oyunlarındakı qayda pozuntularına aşağıdakı kimi hüqiqi qiymət verilib:
“Ərgünəş” (Füzuli) – “Hacıqabul” oyunu bitdikdən sonra “Hacıqabul”un futbolçusu Musa Abdullayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə 4 oyun cəzalanıb.
“Cəngi” – “Xanlıq” oyununda “Xanlıq” komandasının futbolçusu Elşad Hacıyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
“Mil” – “Lokomotiv” (İmişli) oyununda “Lokomotiv”in futbolçusu Hüseyn Əliyev təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.
“Salyan” – “Neftçala” oyunu bitdikdən sonra azarkeşlər kütləvi şəkildə meydana daxil olduğuna, təhlükəsizlik tam təmin edilmədiyinə görə “Salyan”ın növbəti ev oyunu azarkeşsiz keçiriləcək.
AFFA aşağı yaş qrupları üzrə liqaları da unutmadı
U-17 Liqasının “Neftçi” PFK – “Masallı” PFK oyununda “Neftçi”nin futbolçusu Fərid Kərimli təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Masallı”nın futbolçusu İslam Şahgəldiyev də təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb.
U-14 Liqasının “Neftçi” PFK – “Ulduz” FA oyununda “Neftçi”nin köməkçi məşqçisi Nicat Musayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırıldığı üçün 5 oyun cəzalanıb.
U-13 Liqasının “Təhsil 8 İOEUGİM” – “Troya” FC oyunu “Troya” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığı üçün “Troya”ua 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-13 Liqasının “Atletico Baku” FC – “Zirə” PFK oyunu “Atletico Baku”nun heyətində yetərsay olmadığına görə baş tutmadığı üçün “Atletico Baku”ya 0:3 hesablı texniki məğlubiyyət verilib.
U-10 Liqasının “Lokomotiv” (Ucar) – “Şamaxı” FK oyunu “Lokomotiv” komandası təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə Ucar komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib. “Lokomotiv” 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
U-10 Liqasının “Çinar” (Göyçay) – “Kürdəmir” FK oyunu “Kürdəmir” təyin edilən vaxtda meydanda olmadığı üçün baş tutmadığına görə “Kürdəmir”ə 0:3 hesablı texniki məğlubiyyət verilib. “Kürdəmir” 3-cü dəfədir ki, oyuna gəlmədiyinə görə yarışlardan kənarlaşdırılıb.
AFFA-nın yaydığı məlumatda o da qeyd olunur ki, AFFA İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.