AZ

ABŞ-da “vuracam” deyir, İran da: Maskat görüşü ərəfəsində “xoruz döyüşü”

ABŞ-İran münasibətlərindəki gərginlik, aktiv açıqlamalar sabah keçiriləcək Maskat görüşündən əvvəl bir qədər də çoxalıb.

Tribunainfo.az xəbər verir ki, Vaşinqton İranla danışıqlar ərəfəsində bölgəyə əlavə silahlı qüvvə göndərib.

“Bild” qəzetinin yazdığına görə, ABŞ nüvə danışıqları fonunda İran yaxınlığındakı hərbi mövcudluğunu artırır. “ABŞ ordusu İrandan təxminən 3800 km aralıda yerləşən Hind okeanındakı Dieqo Qarsiya aviabazasına altı B-2 Spirit strateji bombardmançı təyyarəsini yerləşdirib”.

Bu əsnada, İsrailin baş naziri Benyamin Netenyahu bildirib ki, Təl-Əvivlə Ağ Evin mövqeyi üst-üstə düşür. “ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramının ləğvi ilə bağlı İsrailin mövqeyi ilə böyük ölçüdə razıdır. Tramp razılıq əldə etmək üçün dəqiq müddət müəyyən edib və prosesi ləngitmək niyyətində deyil”.

ABŞ prezidenti Donald Tramp isə İranı təhdid etməkdə davam edir. “ABŞ lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq etməyə hazırdır. Vaxtımız azdır. Çünki biz onların nüvə silahına malik olmasına imkan verməyəcəyik”.

İranın özündə də hərbi ritorika getdikcə güclənir. SEPAH rəsmiləri açıqlama verərək, ABŞ-la müharibəyə hazır olduqlarını bildirirlər. Bu ölkənin dini lideri Əli Xamineyinin siyasi məsələlər üzrə müşaviri Əli Şəmxani isə bəyan edib ki, əgər ABŞ hərbi vasitələrə əl atarsa, İran MAQATE ilə əməkdaşlığı dayandıracaq və onun əməkdaşlarını ölkədən çıxaracaq.

Yerli və xarici ekspertlər mövcud vəziyyəti “xoruz döyüşü” adlandırırlar. Onlar hesab edirlər ki, tərəflərin sərt ritorikasına baxmayaraq, heç biri müharibənin start götürməsində maraqlı deyil. İranlı ekspertlər Trampın digər məsələlərdəki kimi, qərarından vaz keçəcəyini düşünürlər.

Omanda keçiriləcək görüşə gəldikdə isə oradan ciddi bir nəticənin çıxacağı gözlənilmir.

Fərda Uğur

Seçilən
138
50
tribunainfo.az

10Mənbələr