HBO şirkəti məşhur “Harri Potter” əsərləri əsasında çəkiləcək yeni serial üçün ilk aktyor heyətini təsdiqləyib.
Modern.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.
Serialda Albus Dambldor obrazını Con Litqou canlandıracaq. O, daha əvvəl “Dexter” və “The Crown” kimi ekran işlərində rol alıb. Minerva Makqonagall obrazını isə “Ağ kraliça” və “Malefisenta” filmlərindən tanınan Canet Maktir ifa edəcək.
Severus Sneyp rolunu qaradərili aktyor Paapa Essiedu oynayacaq. Rubeus Haqridi isə Nik Frost canlandıracaq. Bundan əlavə, Luk Tallon (Kvirinus Kvirrel rolunda) və Pol Uaythaus (Argus Filç rolunda) da aktyor heyətinə daxildir.
Harri, Hermion və Ron obrazlarını oynayacaq uşaq aktyorlar hələ seçilməyib. Nəşrin yazdığına görə, bu rollar üçün 30 min namizəd arasında seçim aparılır.
Serialın çəkilişlərinə bu yay başlanması planlaşdırılır. HBO nümayəndələrinin bildirdiyinə görə, layihə Coan Roulinqin əsərlərinin “dəqiq adaptasiyası” olacaq.