AZ

Kredit götürmək istəyənlərin NƏZƏRİNƏ – Faizlərlə bağlı YENİLİK 

  Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci il yanvar ayının 1-nə ölkədə istehlak kreditləri üzrə orta faiz dərəcələrini açıqlayıb.

2025-ci il 1 yanvar tarixinə istehlak kreditlərinin milli valyutada, orta faiz dərəcəsi - kredit kartı vasitəsilə verilən kreditlər üzrə 26%, məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər üzrə 25%, yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər üzrə 16%, avtomobil kreditləri üzrə 10% və digər istehlak kreditləri üzrə 20% təşkil edib.

Qeyd edək ki, illik müqayisədə istehlak kreditlərinin milli valyutada orta faiz dərəcəsi-yaşayış sahəsinin təmiri ilə bağlı olan kreditlər və avtomobil kreditləri 1 faiz bəndi azalıb, kredit kartı vasitəsi ilə verilən kreditlərdə 2 faiz bəndi, digər istehlak kreditlərində isə 3 faiz bəndi artıb. Bu dövrdə məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər isə dəyişməyib.

Faizlər niyə artır?

Kredit faizlərinin yüksək olmasının səbəblərindən Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, uçot dərəcələrində 0,25 faizlik azalmalar olsa da, Mərkəzi Bank faiz dərəcələrini yüksək saxlayır:

“Bu da mühüm amildir. Digər bir faktorsa depozitlərin faizlərinin yüksək olmasıdır. AMB-nin strategiyası ondan ibarətdir ki, əhalinin və biznesin əlində olan sərbəst manat vəsaiti strelizasiya olunsun. Yəni bu vəsaitlər banklara toplaşsın, xarici valyuta alınmasına yönlənməsin. Ona görə də manatla depozitləri 11-12 faizlə təklif edən banklar var. Təbii ki, 11-12 faizlə depozit qəbul edən bank da bundan aşağı faizlə kredit verə bilməz. Ona görə də bu məsələ Azərbaycanda ciddi bir problemə çevrilib”.

Müsahibimiz bildirib ki, hazırkı vəziyyətdə depozitlərin faizlərini aşağı salmaq mümkün deyil:

“Belə vəziyyətdə insanlar banka əmanət yerləşdirməkdə maraqsız olacaqlar və vəsaitlərini daha çox xarici valyuta formasında saxlayacaqlar. Bu isə manata əlavə basqı yarada bilər. Ona görə də depozitlərin faizini banklar yüksəldirlər ki, sərbəst manat kütləsini yığışdırsınlar. Onları da yığışdıranda və depozit faizlərini yüksəldəndə təbii ki, kredit faizləri də yüksək olur. Bu obyektiv səbəbdir.

Subyektiv səbəbsə ondan ibarətdir ki, bizdə rəqbətli mühit tam formalaşmayıb. Xarici bankların bazarda birbaşa iştirakı yoxdur.

Məsələn Gürcüstanda bir sıra ölkələrin bankları birbaşa fəaliyyət göstərir. Doğrudur, bizdə də Türkiyə, Rusiya bankları var. Lakin həmin banklar yerli struktur kimi fəaliyyət göstərirlər. Ona görə də xarici bankların bazara birbaşa girişinə imkan verilməlidir ki, rəqabətli mühit yaradılsın”.

Seçilən
92
3
referans.az

10Mənbələr