
Ötən il bank olmayan kredit təşkilatları (BOKT) sektorunun balansı cəlb edilən vəsaitlərin xalis kredit portfelinə yönləndirilməsi fonunda genişlənib.
Mərkəzi Bankdan verilən məlumata görə, ölkədə fəaliyyət göstərən BOKT-lərin cəmi aktivləri il ərzində 31% (235 milyon manat) artaraq 993 milyon manat təşkil edib.
Məlumata görə, artımın əsas payçısı xalis kredit portfeli olub: "İl ərzində xalis kredit portfeli 28% (159 milyon manat) artıb ki, artım əsasən istehlak kreditləri hesabına formalaşıb. BOKT-lərin aktivlərinin artımı fonunda banklardan və digər maliyyə institutlarından cəlb edilmiş vəsaitlərin həcmi də artıb.
BOKT-lərin cəmi öhdəlikləri il ərzində 21% (94 milyon manat) artaraq 537 milyon manat təşkil edib ki, artım əsasən rezident və qeyri-rezident bank və digər maliyyə institutlarının kreditləri (50 milyon manat) hesabına formalaşıb. BOKT-lərin öhdəliklərinin artımında digər öhdəliklərin də payı yüksək olub. 2023-cü illə müqayisədə digər öhdəliklər 29% (48 milyon manat) artıb ki, bunun da əsas hissəsini təsisçilərin BOKT-lərə verdiyi borclar təşkil edib".
Bildirilib ki, 2024-cü ildə istehlak kreditləri BOKT-lərin portfelində əsas yeri tutmaqda davam edib:
"İl ərzində kredit portfeli 35% (208 milyon manat) artaraq 808 milyon manat olub. İstehlak kreditləri üzrə illik artım 41% (150 milyon manat), ipoteka kreditləri üzrə 247% (31 milyon manat), biznes portfeli üzrə isə 12% (27 milyon manat) olub.
2024-cü ilin sonuna BOKT-lərin kredit portfelinin 63.4%-i (512 milyon manat) istehlak kreditləri, 31.3%-i (253 milyon manat) biznes kreditləri, 5.3%-i (43 milyon manat) isə ipoteka kreditlərindən ibarət olub. Biznes portfelinin 32%-i (80 milyon manat) ticarət sahəsinə, 22%-i (55 milyon manat) kənd təsərrüfatı sahəsinə, 20%-i (51 milyon manat) digər qeyri-istehsal və xidmət sahəsinə, 18%-i (46 milyon manat) nəqliyyat sahəsinə, 8%-i isə (21 milyon manat) digər sahələrə verilmiş kreditlərindən ibarətdir".
"Kredit portfelinin keyfiyyətində əvvəlki illə müqayisədə istehlak kreditləri üzrə pisləşmə olsa da, biznes kreditlərinin keyfiyyətində yaxşılaşma müşahidə olunur. 2024-cü ildə sektorun qeyri-işlək kredit (QİK) portfeli 51.7% artaraq 112.7 milyon manat təşkil edib. İl ərzində QİK əmsalı isə 1.6 faiz bəndi artaraq 13.9% olub. QİK portfeli istehlak kreditləri üzrə 4 faiz bəndi artaraq 15.8%, biznes kreditləri üzrə 1.4 faiz bəndi azalaraq 12.5% olub", - məlumatda qeyd olunub".
Məlumata əsasən, regionlar üzrə kreditləşmə fəaliyyətində BOKT-lər banklarla müqayisədə daha aktiv iştirak edir:
"2024-cü ildə BOKT-lərin kredit portfelinin 29%-ni iqtisadi rayonlar üzrə verilmiş kreditlər təşkil edir. Bu göstərici banklar üzrə isə 23%-dir. BOKT sektoru üzrə mənfəətlilik yüksəlib. 2024-cü ildə BOKT-lər yüksək mənfəətlilik (xalis mənfəət – 157 milyon manat) əldə edib ki, bu da 2023-cü ilin Artan mənfəətlilik fonunda sektorun kapital mövqeyində müsbət tendensiya davam edir. İl ərzində BOKT-lərin kapitalı 45% (141 milyon manat) artaraq 456 milyon manat təşkil edib.
Kapitalın artımı həm kapital inyeksiyası, həm də BOKT sektorunun mənfəət generasiyası hesabına olub. Belə ki, il ərzində bölüşdürülməmiş mənfəət 2 dəfədən çox artaraq 231 milyon manat, nizamnamə kapitalı isə 18% (37 milyon manat) artaraq 241 milyon manat təşkil edib".
"2024-cü ilin sonuna olan məlumatlara əsasən, Azərbaycanda fəaliyyət göstərən BOKT-lərin sayı 57, kredit ittifaqlarının (Kİ) sayı isə 36 olmaqla, ümumilikdə qeyri-bank kredit təşkilatlarının sayı 93 olub.
Son 2 ildə BOKT-lərin aktivlərinin yüksək artımı onların maliyyə vasitəçiliyi funksiyasında rolunu daha da artırmışdır. Bütövlükdə maliyyə sistemində aktivlərinə görə BOKT-lərin bazar payı 1.6% təşkil etmişdir. 2024-cü il ərzində 4 BOKT-nin lisenziyası ləğv edilmiş, 3 BOKT-yə yeni lisenziya verilmişdir.
Hazırda fəaliyyətdə olan BOKT-lərin 15-i xarici kapitallıdır ki, onların da 12-də xarici kapitalın payı 50%-dən yüksəkdir. İl ərzində ümumilikdə işçilərinin sayı 257 nəfər artaraq 3 546 nəfərə, filialların sayı isə 8 ədəd artaraq 304-ə çatıb", - deyə məlumatda qeyd olunub.