"Sonrakı illərdə şəhidlərin xatirəsinə dərin hörmət və ehtiram göstərən Prezident İlham Əliyev də onların ailə üzvlərinin sosial məsələlərinin həllinə xüsusi diqqət ayırdı. Ölkə başçısının təşəbbüsü sayəsində 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər və şəhid ailələri üçün sosial müdafiə sistemi yaradıldı. 20 Yanvar şəhidlərinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis olundu. Bundan başqa Şəhidlər Xiyabanında təmir və yenidənqurma işləri ilə yanaşı, Bakının Yasamal rayonundakı "20 Yanvar" dairəsində, Həsən bəy Zərdabi və Müzəffər Həsənov küçələrinin kəsişməsində Qanlı Yanvar şəhidlərinin xatirəsinə memorial abidə kompleksi ucaldıldı ki, bura da ziyarət və and yerimizdir.
20 Yanvar təkcə ümummilli hüzn günü deyil, eyni zamanda azadlıq arzusu ilə yaşayan xalqımızın qəhrəmanlıq salnaməsidir. Dünya bir daha şahid oldu ki, təpədən-dırnağadək silahlanmış azğın düşmənin qarşısına əliyalın çıxan Azərbaycan xalqı hər cür alqışa layiqdir. Biz müstəqilliyimizi də belə qazandıq, ərazi bütövlüyümüzu də belə təmin etdik. Tarix sübut edib ki, milli birliyimiz xilas yolumuzdur!"