AZ

Gürcüstandan AŞPA-ya etiraz – “Ölkənin taleyi bir neçə dəqiqəyə həll olunmamalıdır”

Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsində Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri ilə bağlı məsələ müzakirə olunacaq.

Teleqraf.com-un Gürcüstan bürosu xəbər verir ki, bununla bağlı təşəbbüs ötən gün irəli sürülüb, məsələ ilə bağlı müzakirələr sabah, səsvermə isə yanvarın 29-da keçiriləcək.

Məsələnin müzakirələrsiz Monitorinq komitəsinə təqdim olunmasına Gürcüstanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani etirazını bildirib.

“Bizə mövqeyimizi ifadə etmək üçün imkan verildi, lakin bir ölkənin taleyi bir neçə dəqiqə ərzində həll olunmamalıdır. Bununla bağlı plenar iclasda narahatlığımı bildirdim”, - o qeyd edib.

Nümayəndə heyətinin üzvü Givi Mikanadze öz növbəsində təəssüflə bildirib ki, AŞPA-da natiqlərin və bir sıra siyasətçilərin Gürcüstandakı seçkilər və ondan sonrakı hadisələrlə bağlı səsləndirdikləri fikirləri reallığı qətiyyən əks etdirmir.

Gürcüstan parlamentinin üzvləri AŞPA-dakı həmkarlarını yanlış təsəvvürlərə deyil, faktlara əsaslanaraq qərar qəbul etməyə çağırıblar.

Xatırladaq ki, AŞPA-da Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin təsdiq olunmamasını ölkənin üç müxalifət birliyi tələb edir.


Müəllif: Cəmilə Babayeva
Seçilən
15
10
teleqraf.com

10Mənbələr