Moskva, 29 yanvar, AZƏRTAC
Azərbaycan və Ermənistan sərhədlərin delimitasiya və demarkasiyası məsələsində əhəmiyyətli irəliləyiş əldə ediblər.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
O qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistanın daxil olduğu üçtərəfli qrupun işi formal olaraq dayandırılsa da, hazırda ikitərəfli formatda qarşılıqlı fəaliyyət davam edir. “Bu mövzuda vaxtaşırı söhbət aparırıq, lakin üçtərəfli formatda deyil, necə deyərlər, təkbətək. Həmkarlarım delimitasiya və demarkasiya üzrə komissiya çərçivəsində mütəmadi olaraq görüşürlər. Orada böyük və yaxşı irəliləyiş əldə olunub”, - deyə Baş nazirin müavini söyləyib.
Onun sözlərinə görə, Azərbaycan ilə Ermənistan delimitasiya və demarkasiya üzrə komissiya vasitəsilə fəal işlər aparırlar. “Artıq sərhədin bir hissəsi müəyyən edilib, Gürcüstanla kəsişmə nöqtəsindən başlayaraq şimaldan cənuba prosesi davam etdirmək barədə razılığa gəlinib”, - deyə Aleksey Overçuk qeyd edib.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva