Ağ Ev rəhbərinin açıqlamaları o qədər də inandırıcı görünmür
Rusiyanı neftin qiyməti ilə çökdürmək və müharibəni dayandırmağa sövq etmək elə asan idisə, kollektiv Qərb ilk gündən ucuz qiymət siyasətini niyə reallaşdıra bilmədi?
Neftin bir barelinin qiymətini 45 dollara salmaq lazımdır. Bunu ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq deyib. O bildirib ki, yalnız Ukraynaya kömək etməklə Rusiyanı müharibəni dayandırmağa məcbur etmək olmaz: “Biz neftin qiymətini bir barel üçün 45 dollara endirməliyik”. Xüsusi nümayəndənin fikrincə, Rusiya neft sənayəsi ilə bağlı daha sərt tədbirlər görülməlidir:
“Rusiya neft satışından milyardlarla dollar qazanır. Bəs qiyməti barel üçün 45 dollara endirsək necə olacaq?”. Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp yanvarın 23-də ölkəsinin neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu bildirib. Trampın neft qiymətlərini aşağı salmaq niyyətində olduğunu elan etməsindən sonra "qara qızıl" kəskin şəkildə ucuzlaşıb. Bununla yanaşı, ABŞ hökuməti Alyaska ştatının qorunan ərazilərində neft və qaz hasilatına yenidən icazə verməyi planlaşdırır. Donald Tramp Floridada Respublikaçılar Partiyasından olan Konqres üzvləri qarşısında çıxışı zamanı bildirib ki, bu yataqların ehtiyatları bütün Asiyanın tələbatını ödəyə bilər: “Və biz bunu çox tez edəcəyik. İndi düşünürəm ki, bunu icra fərmanı ilə edəcəyəm, çünki onlar bunu Konqresdən keçirməyiblər. Bu, öz yerləşməsinə görə bütün Asiyanı təchiz edə biləcək bir şey olacaq. Milli Arktik qoruğu bütün Asiyanı təchiz edə bilər”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib ki, dünya ölkələrinin həyatı ABŞ-dən bu və ya digər şəkildə asılıdır. Ona görə də ABŞ-də atılacaq addımların, verilən bəyanatların dünyamızın iqtisadiyyatına da, siyasətinə də çox böyük təsirləri var. Amma bizi maraqlandıran enerji bazarlarıdır. İqtisadçı-ekspertin sözlərinə görə, yanvarın 20-də Donald Tramp ABŞ prezidenti kimi and içərkən ölkə siyasətində mühüm dəyişikliklərin təşəbbüskarı olduğunu dedi, "qara qızıl"ın onun rəhbərliyi zamanı dünyanın əsas enerji daşıyıcısı kimi qaldığını vurğuladı:
"Trampın addımları qlobal bazarlara, yaşıl enerjinin inkişafına da təsirsiz ötüşmədi. Enerji siyasətində əsas dəyişikliklər neft və qaz hasilatında ABŞ-nin dünya liderliyinin qorunmasına yönəlib. Tramp ənənəvi enerji daşıyıcıları hasilatının stimullaşdırılmasına, o cümlədən federal ərazilərdə qazma işlərinə qoyulmuş məhdudiyyətlərin aradan qaldırılmasına yönəlik sərəncamlar imzaladı. Bundan əlavə mayeləşdirilmiş təbii qazın ixracına qoyulan moratoriumu da aradan qaldırdı. Bununla da, ABŞ qazının qlobal bazarlara tədarükünün artırılmasını stimullaşdırdı. Tramp həmçinin, karbon emissiyalarının azaldılması üzrə beynəlxalq öhdəliklərdən imtina etdiyini nümayiş etdirərək Paris İqlim Sazişindən bir daha geri çəkildi. Artıq okeanın o tayında yaşıl enerjiyə dövlətin dəstəyinin azaldılması siyasəti yürüdülür. Bərpa olunan enerji üçün federal subsidiyaların, dəstək proqramlarının kəsildiyi aydınlaşır. Çünki Tramp və Respublikaçılar hesab edirlər ki, bazarlarda tələbat nəyədirsə, o öz yerini rəqabət əsasında tutmalıdır. Zorla bir enerjini bazardan çıxarmaq, yerinə müxtəlif stimullaşdırıcı addımlarla digərini qoymaq məqsədəuyğun deyil. Tramp iqlim dəyişiklikləri məsələsinin elmi izahının inandırıcı olmadığını bəyan edir. Maraqlı hal odur ki, Tramp bunları söyləyərkən ABŞ görmədiyi sərt qışla üzləşdi, indiyədək qar görməyən yerlərə belə qar yağdı".
Ekspert vurğulayıb ki, Ağ Evdə həyata keçirilən enerji siyasəti qlobal bazarlara da təsirsiz ötüşmədi:
"Neft bazarlarında qiymətin az da olsa enməsi müşahidə olunmağa başladı. Ötən günlərdə "Brend" markalı neft son 6 ayda ilk dəfə ən bahalı səviyyədə - bir barel üçün 82 dollara satılsa da, Trampın andiçməsindən sonra enişə başladı və 78 dollaradək ucuzlaşdı. Həmçinin Tramp deyib ki, OPEC və Səudiyyə Ərəbistanından neftin qiymətinin aşağı salınmasını istəyəcək. Onun sözlərinə görə, bu addım həm ABŞ-də inflyasiyanı azaltmağa, həm də Rusiyanın Ukraynada müharibəni dayandırmasına kömək edəcək. Ağ Ev rəhbərinin fikrincə, nefti ucuzlaşdırmaqla bu müharibəyə son qoymaq olar və indiyədək bunun edilməməsi məsuliyyətsizlikdir. Bu çıxışdan sonra məndə Trampın enerji siyasətinin dayanıqlığına şübhə yarandı. Çünki onun səsləndirdiyi bəyanatlarda məntiqdən daha çox emosiyalar yer alır. Tramp deyir ki, ölkəsində neftin bahalı olması yüksək inflyasiyaya səbəb olur. Bunu aradan qaldırmaq üçün bazarda daha ucuz enerjinin əldə edilməsi vacibdir. Bu baxımdan neftin hasilatının artırılması üçün nə lazımdırsa, edir. Sərəncamlar verir, stimullaşdırıcı direktivlər təsdiqləyir və s. Bununla hasilatın daha 3 milyon barel artırılacağını hədəfləyir".
İ.Şabana görə, neft və qaz sənayesi iqtisadiyyatın elə bir sahəsidir ki, orada qısa müddət dövründə hasilatın artımını təmin etmək demək olar ki, mümkünsüzdür: "ABŞ rəhbəri OPEC-in "birinci skripkası" rolunda çıxış edən Səudiyyə Ərəbistanını razı salacağını deyir. Axı OPEC-in neft ixrac edən və iqtisadiyyatları neftdən asılı olan ölkələri mürəkkəb enerji keçidi dövründə niyə öz qazanclarından keçsinlər?! Rusiya prezidentinin sözçüsü D.Peskovun dediyi kimi ABŞ müharibəyə biznes kimi yanaşır. Ona görə də Ağ Ev rəhbərinin açıqlamaları o qədər də inandırıcı görünmür. Rusiyanı neftin qiyməti ilə çökdürmək və müharibəni dayandırmağa sövq etmək elə asan idisə, kollektiv Qərb ilk gündən ucuz qiymət siyasətini niyə reallaşdıra bilmədi? Vaşinqtonun bu münaqişəyə baxışları daha qlobaldır. ABŞ niyə Rusiyanın qarşısında onun tutduğu ərazilərdən qeyd-şərtsiz çıxması tələbini qoymur? Təsəvvür edin, Rusiya çökdürüldü, Avropa azad nəfəs aldı, Ukrayna dirçəlmək imkanı əldə etdi. Bəs ABŞ-nin vəziyyəti necə olacaq? Vaşinqtona bu münaqişənin yarımçıq həlli lazımdır ki, həm ipə-sapa yatmayan Rusiya vasitəsilə Avropanı qorxuda bilsin, həm də qoca qitə ölkələrini daha çox vəsait ödəməyə məcbur etsin. Bununla da, özünün hərbi sənaye kompleksini ən azı onillik uzunmüddətli sifarişlərlə təminatı mümkün olsun. Tramp məhz ona görə rabitəsiz bəyanatlar səsləndirir. Amma onun bəyanatları birjalara təsir edə bilir".