Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərinin qeyd-şərtlərlə tanınması bizim üçün qəbuledilməzdir, çünki onlar ədalətsiz və əsassızdır.
Bunu Gürcüstan parlamentin vitse-spikeri, AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Tea Tsulukiani bildirib. Onun sözlərinə görə, bu qərar “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının seçicilərinə və cəmiyyətin böyük əksəriyyətinə xəyanət etmək deməkdir.
O, deyib ki, gürcü xalqının seçdiyi hakimiyyətə qarşı tam ədalətsiz və əsassız şantaj davam edir. Sübut və faktlara əhəmiyyət verilmir, müzakirələr qərəzli xarakter daşıyır və ölkəmizin əhalisinə qarşı təhqiramiz münasibətilə seçilir. Gürcüstan parlament nümayəndə heyətinin Assambleyada iştirakının heç bir mənası və əsası yoxdur: “Bir çox insanlar, ilk növbədə bizim antidövlətçi müxalifət və qeyri-hökumət təşkilatlarının bir hissəsi Gürcüstanın yeni parlamentinin nümayəndə heyətinin səlahiyyətlərinin tanınmasına qarşı mübarizə aparıblar. Bu plan əvvəlcə komitənin dinləmələrində, sonra isə plenar iclasda iflasa uğradı və burada 306 üzvdən ibarət Assambleyanın yalnız 43 üzvü Gürcüstan nümayəndə heyətinə etimadnaməsinin verilməməsi üçün səs verdi”.
T.Tsulukiani məsələni Gürcüstan parlamentinin Strasburq və Tbilisidəki nümayəndə heyətinin üzvlərilə müzakirə etdiklərini deyib: “Gürcü Arzusu” komandasının birgə qərarı ilə mandatımızın təsdiq olunmasına baxmayaraq, işimizi bu gündən Parlament Assambleyasında dayandırdıq”.
Qeyd edək ki, AŞPA Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi və siyasi məhbusların azad olunmasını tələb edən qətnamə qəbul edib. Qətnamədə Gürcüstan hakimiyyətindən qarşıdakı aylarda yeni seçkilər elan etmək, nümayişçilərə qarşı güc tətbiqini, jurnalistlərə, vətəndaş fəallarına qarşı hüquqi mexanizmlərdən istifadəni dayandırmaq, “xarici agentlər” qanununu geri çəkmək tələb olunub.
Qətnamə 114 lehinə, 13 əleyhinə səs olmaqla qəbul edilib. Qətnaməyə görə, hakim “Gürcü Arzusu” partiyası qeyd edilən tələbləri aprel ayına qədər yerinə yetirməlidir. Həmin vaxtadək Gürcüstan nümayəndə heyətinin səlahiyyətləri məhdud olacaq.
ZÜMRÜD