RU

Luis Enrike Xviça Kvaratsxeliyanın güclü tərəflərini qeyd etdi

PSJ-nin baş məşqçisi Luis Enrike parislilərin yeni transferi, gürcü cinah hücumçusu Xviça Kvaratsxeliyanın güclü tərəflərini qeyd edib.

Arena.az “Ekip” dərgisinə istinadən, ispan mütəxəssisin bu barədə qənaətini təqdim edir:

“Biz onun necə bir futbolçu olduğunu çox yaxşı bilirik. O, özünün yüksək səviyyəsini nümayiş etdirib. Xviça PSJ-nin heyətinə uyğunlaşmalıdır. O, çoxyönlü futbolçudur”, deyə Luis Enrike məmnunluqla vurğulayıb.

PSJ Kvaratsxeliya ilə müqavilə imzaladığını yanvarın 17-də elan edib. Tərəflər arasında müqavilənin müddəti 2029-cu ilə qədər qüvvədə olacaq. Gürcü futbolçu Paris klubuna 2022-ci ildən çıxış etdiyi “Napoli”dən keçib. Mətbuatda PSJ-nin Kvaratsxeliyanı əlavə üstəliklər nəzərə alınmadan 70 milyon avro məbləğ müqabilində satın aldığı barədə məlumat yayılıb.

Xatırladaq ki, “Napoli” gürcü cinah hücumçusunu 13,3 milyon avro məbləğ müqabilində Batumi “Dinamo”sundan öz heyətinə qatmışdı. Xviçanın İtaliya klubu ilə müaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi.

Cari mövümdə “Kvara” “eşşəkciklər” üçün 19 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Kvaratsxeliyanın “Napoli”də çıxışının ümumi mənzərəsi isə 107 oyun, 30 qol və 29 məhsuldar ötürmədən ibarətdir.

“Kvara” “Napoli” ilə 2022/2023-cü illər mövsümündə İtaliya A Seriyasının qalibi olub.

Xviça Kvaratsxeliya 2019-cu ilin iyununda debüt etdiyi Gürcüstan yığmasının heyətində 40 oyuna 17 qol vurub, 9 məhsuldar ötürmə verib.

Gürcü futbolçu klub karyerası ərzində “Dinamo” (Batumi), “Rubin” (Kazan), “Lokomotiv” (Moskva), “Rustavi” və “Dinamo” (Tiflis) komandalarında oynayıb.

“Transfermarkt” internet-portalı 23 yaşlı gürcü sol cinah hücumçusunun transfer dəyərini 85 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Xviçanın atası Badri Kvaratsxeliya vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” komandalarında çıxış edib. Badri Kvaratsxeliya həm də Azərbaycan milli komandasının uğurları üçün çalışıb.

Избранный
12
6
arena.az

9Источники