Ermənistan rəhbərliyi sülh müqaviləsindən yayındıqca, bu ölkədə revanşistlər yenidən baş qaldırmağa başlayır.
Artıq bəziləri Azərbaycana qarşı yeni hücum planlarından da danışmağa başlayıblar. Ermənistanın keçmiş müdafiə naziri, Qarabağ canisi, parlament deputatı Seyran Ohanyan öz feysbuk səhifəsində yazıb ki, erməni ordusu Ermənistan-Qarabağ-Diaspor üçlüyü sayəsində formalaşıb.
Əli minlərlə soydaşımızın qanına batan bu quldur sonda revanşist bəyanat da verib: “Şübhə etməsinlər ki, Azərbaycan bizim zərbəmizi bir daha görəcək”.
O, hətta Nikol Paşinyana da meydan oxumağa başlayıb, baş nazirin keçmiş iqtidarları ittiham etməsinə rişxəndli cavablar verib, təkziblər səsləndirib.
Revanşistlərə indiyədək Azərbaycandan dəfələrlə xəbərdarlıq edilib. Prezident İlham Əliyev çıxışlarında xüsusi vurğulayıb ki, əgər faşist düşüncələrə son qoyulmasa, "Dəmir yumruq" yenə işə düşə bilər.
Bütün bunları bildikləri halda Ermənistandakı bəlli dairələr nədən hədə tonunda danışmağa başlayıblar? Onların “hücum” planları nə ola bilər? Buna cəhd etsələr nə baş verəcək?
Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Polisinin keçmiş rəisi, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a açıqlamasında Azərbaycanın hər an həmin separatçıları məhv etmək gücünə sahib olduğunu qeyd etdi: “Bu revanşistlər, bilirsiniz ki, əsasən "Qarabağ klanı"dır. Ermənistanda bu günlərdə Paşinyana qarşı ciddi müxalifət yaradılıb. Onlar keçmiş prezidentlər - Köçəryan, Sərkisyan və keçmiş müdafiə naziri Ohanyandır. Hər kəsə məlumdur ki, 44 günlük Vətən müharibəsi dövründə Ohanyan guya Şuşada müdafiə təşkil edəcəkdi. Sonra isə reklamla məşğul oldu, guya oğlu ilə birlikdə Şuşanı qoruyurdu. Amma bizim müzəffər ordumuzun xüsusi təyinatlıları az sayda heyətlə Şuşanı azad etdi. Həmin şəxs də qaçıb getdi. Bu klan əsasən Rusiyaya bağlı bir qruplaşmadır. Bildiyiniz kimi, Qarabağda əsasən rusmeyllilər idi. Qarabağda yaşayanlar Ermənistandan daha çox rusların dəstəyini alırdı. Köçəryan, Sərkisyan, Ohanyan əsas liderlər idi. Onların hər biri Qarabağdan idi. Sizin dediyiniz kimi, bu, qatilin ilk revanşist çıxışı deyil. Bildiyiniz kimi, Ermənistanda və orduda əsasən bu revanşistlərin nəzarəti altında olan qüvvələr mövcuddur, yəni onlar Müdafiə Nazirliyi deyil, bu revanşistlər onlara nəzarət edirlər. Bəllidir ki, bir neçə dəfə sərhəd pozuntusu olmuşdu. Paşinyan açıq şəkildə bildirmişdi ki, bu, indiki hakimiyyətin təxribatı deyil, bunu digərləri edib. Təbii ki, açıq şəkildə bildirmir ki, belə qüvvələr var və ona tabe deyil. Amma hər birimiz bilirik ki, belə qüvvələr var. Dövlət başçımız çox düz bəyan edib ki, İrəvan faşizmi sona çatdırmasa, biz o faşizmi yox edəcəyik. Bu da elə-belə bir mesaj deyil, bu, həm Ermənistandakı separatçılara, həm də onlara himayədarlıq edənlərə bir mesajdır. Yəni biz baxmayacağıq ki, bunlara kimlərsə himayədarlıq edir və biz onları hər an məhv edə bilərik, əgər hər hansı bir təxribat baş verərsə".
Polkovnik fikirlərini bu cür davam etdirdi: “Onlar müxalif qüvvələrdir və Paşinyana qarşı ciddi müqavimət göstərirlər. Paşinyanın ürəyindən olar ki, Azərbaycan tərəfi onlara cavab versin. Necə ki, digərlərinin məhkəməsi bu gün hazırda Azərbaycanda keçirilir. Paşinyan da sevinərdi ki, bunları da nə vaxtsa Azərbaycanın xüsusi xidmət orqanları həbs edib Bakıya gətirsin və mühakimə etsin. Güman edirəm ki, Paşinyan buna daha çox sevinir. Yəni həm də bu, Paşinyana bir yardım olar. Onların aqressiyası, müharibə çağırışları onlara çox baha başa gələ bilər. Yenə də deyirəm ki, Ermənistanın varlığı sual altında qala bilər. Yəni bu vəziyyət o yerə çata bilər. Çünki bu günləri Azərbaycan Ordusu, hakimiyyəti çox güclüdür. Ermənistan da bunu yaxşı başa düşür. Köçəryan, Sərkisyan və Ohanyan kimi separatçılar bu gün aranı qarışdırmaq istəyirlər. Onlar əmin-amanlığın olmasını istəmirlər. Əlbəttə, bunlara da qarant duran kənar qüvvələr var. Həmin qüvvələr də onlar arasında arxayınlıq yaradırlar. Bir sözlə, bir zərbə ilə iki quş vurmaq istəyirlər, yəni iki məsələnin həllinə cəhd edirlər. Birincisi, Paşinyanın hakimiyyətdən devrilməsinə nail olmaq istəyirlər. Cənubi Qafqazı qaynar nöqtəyə döndərmək niyyətindədilər. İkincisi isə Ermənistanla Azərbaycan arasında münaqişənin yenidən başlanmasını və separatçıların hakimiyyətə qayıtmasını istəyirlər. Bu, onların əsas məqsədidir. Onlar bu addımı atsa, bayaq da dediyim kimi, Ermənistan dövlətinin mövcudluğu şübhə altında qala bilər. Azərbaycan tərəfi onların hər bir təxribat xarakterli addımlarına layiqli cavab verəcək və bu cavab da onların özünə ağır başa gələ bilər. Bunu Ermənistan hökuməti gözəl bilir. Separatçıların hazırda əsas məqsədi qarışıqlıq yaratmaq, münaqişə törətmək və Cənubi Qafqazda havadarlarının köməyi ilə gərginliyi artırmaqdır. Məqsəd ancaq və ancaq budur. Bir daha təkrar edirəm ki, bunlar özbaşına addımlar atmırlar, onlara havadarlıq edən qüvvələr var və həmin havadarlıq edən qüvvələr başa düşməlidir ki, Azərbaycan dövləti günbəgün güclənir, Azərbaycanın xarici siyasəti, Azərbaycanın müstəqil siyasəti davam edir, ordunun quruculuğu sürətlə irəliləyir. NATO standartına, türk modelinə keçid yekunlaşmaq üzrədir. Bilirsiniz ki, bu proses 2025-ci ildə yekunlaşacaq. Azərbaycan Ordusu çox güclüdür və hər hansı bir təxribatlar baş verərsə, o təxribatların qarşısını dərhal ala, güclü zərbələrlə təxribat törədilən yerlərdəki ünvanları məhv edə bilər. Yəni bunu həm Ohanyan, həm Köçəryan, həm də Sərkisyan anlamalıdır. Onlar başa düşməlidirlər ki, artıq Azərbaycan 90-cı illərin Azərbaycanı deyil, Azərbaycan artıq güclü bir dövlətdir, güclü bir orduya sahibdir. Ermənistanda qeyd etdiyimiz qüvvələrə qarşı Paşinyan da mübarizə aparır. Həmçinin bilirsiniz ki, Qarabağdan gələn hər bir qulluqçu orduya qəbul edildi. Bu qüvvələr daha çox həmin separatçıların nəzarəti altındadır. Onların vasitəsilə təxribat törədə, hücum planları hazırlaya bilərlər və s. Amma güman edirəm ki, onlarda bu baş tutan deyil. Hazırkı hakimiyyət başa düşür ki, onların elə bir qüvvələri, gücləri yoxdur. Hər kəs də əmin olsun ki, hər cür təxribatın qarşısını Azərbaycan ordusu düzgün formada alacaq və lazım olan tədbirləri onlara qarşı görəcək”.
AMİP liderinin köməkçisi, politoloq Əli Orucov: “Ermənistan dövlətinin mahiyyəti nə qədər ört-basdır edilsə də, təcavüzkar və terrorçuluqdur. Yaradıldığı gündən də terrorizm və işğalçılıq dövlətin siyasi xəttinin əsasını təşkil edib. Ötən əsrin əvvəllərindən tutmuş hazıradək həmin xətt dəyişməz olaraq qalmaqdadır. Mövcudluğu tarixində Ermənistan ilk dəfə 2020-ci ildə 44 günlük müharibədə çox ağır məğlubiyyətə uğradıldı və özü haqqında uydurulmuş mif dağıdıldı. Ermənistanın yenidən özünü toparlayıb, Azərbaycana qarşı revanşist müharibə aparması yaxın on illiklər ərzində mümkün deyil. Baxmayaraq ki, sürətlə silahlanır, xarici havadarlarından maliyyə yardımı alır, hərbi-texniki dəstək göstərilir, bütün bunlar revanşistləri sürətləndirə bilər. Ancaq müharibələri udmağın təkcə silahla yetərli olmadığı, mənəvi və döyüş ruhunun, peşəkarlığın da önəmli olduğu bir daha öz əksini tapdı. Həmin Ohanyan idi ki, Azərbaycanın işğal edilmiş ərazilərində ”Ohanyan səddi" adlandırdıqları hərbi istehkam qurulmuşdu və bu keçilməz sədd kimi xarakterizə edilirdi. Azərbaycan Ordusunun qarşısında on illiklər ərzində qurduqları həmin sədd bir anın içində məhv edildi, qəhrəman ordumuz qarşıya qoyulan tapşırıqları yüksək qəhrəmanlıqla və peşəkarlıqla icra etdi. Təəssüf ki, Ermənistanda hələ də Ohanyan kimi düşünənlər var və onların dağıdıcı fəaliyyəti regionda davamlı sülhün əldə edilməsinə imkan vermir. Baş nazir Paşinyan da həmin qüvvələrin təsiri altından çıxa bilmədiyindən, yaxud da çıxmaq istəmədiyindən sülh sazişinin imzalanmasını sabotaj edir. Həqiqətən də Prezident İlham Əliyevin dediyi kimi, erməni faşist düşüncəsinə son qoyulmasının yeganə yolu görünür ki, "Dəmir yumruğ"un yenidən işə salınmasıdır. Dünyada yeni reallıqlar yaranır, beynəlxalq siyasi münasibətlər sistemi sürətlə dəyişir, Ermənistan hələ də beynəlxalq erməni diasporundan və güclü dövlətlərin maşası olmaq vərdişlərindən əl çəkmək istəmir. Düşünürlər ki, böyük Ermənistan mifik və zərərli xülyalarını bu minvalla gerçəkləşdirə biləcəklər. Halbuki böyük dövlətlərin və Azərbaycan torpaqları hesabına qurduqları dövlətin özü bu düşmənçilik mövqeləri ucbatından məhv olma təhlükəsi ilə üzləşib".
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti Kənan Novruzov hesab edir ki, buna əsas səbəb Paşinyanın “oyuncaq” lider kimi görünməsidir: “Bu vəziyyətin əsas günahkarı baş nazir Nikol Paşinyanın özüdür. Görünür, o, lazımi siyasi iradəyə malik deyil. Mümkündür ki, nəinki xaricdəki dairələr, hətta daxildəki revanşistlər də Paşinyanı "oyuncaq" lider kimi görür. Ermənistan müstəqil xarici siyasət kursuna malik deyil. Kənar aktorlar İrəvana asanlıqla təsir göstərə bilər. Bu da daxili siyasi vəziyyətdə- xaos və ikitirəlikdə özünü göstərir. Daxildəki revanşistlərin Azərbaycanla Rusiya arasında “soyuq küləklərin” əsdiyi bir vaxtda yenidən baş qaldırması diqqət çəkir. İstisna deyil ki, onlar məhz Moskvanın təsiri ilə fəallaşıblar. Hər halda, Ermənistan daxilində Rusiyaya tabe olan kifayət qədər revanşist qüvvə var. Revanşistlərin yaxın zamanda ciddi nəsə edəcəkləri inandırıcı görünmür. Buna gücləri yoxdur. Onlar heç Ermənistan iqtidarına da təsir edə bilmirlər. Bu baxımdan səsləndirdikləri bəyanatlar, sadəcə, “suları bulandırmağa” hesablanıb. Hansısa mümkün əməli addım çox ağır nəticələrə səbəb ola, Ermənistan dövlətçiliyi təhlükə altına düşə bilər". (Musavat.com)
Telegram kanalımız