Amerika Birləşmiş Ştatlarının (ABŞ) 47-ci prezidenti seçilən Donald Trampın hələ hakimiyyətə gəlməzdən öncə ciddi iddialar irəli sürməsi, daha sonra inaqurasiya mərasimindəcə bir sıra sənədlərə imza atması dünya miqyasında geniş müzakirələrə səbəb olub. Analitiklər hesab edirlər ki, onun verdiyi bəyanatlar təkcə beynəlxalq siyasətə deyil, eyni zamanda qlobal iqtisadi proseslərə də ciddi təsir göstərə bilər. Seçkidən sonra ABŞ dollarının digər valyutalara nisbətən 2% güclənməsi qlobal ticarət və maliyyə bazarlarına təsir göstərə biləcək əsas amillərdəndir. Manatın ABŞ valyutasına bağlılığını nəzərə alsaq, dünya neft qiymətlərindəki dəyişikliklər, dolların dəyərə minməsi və s. kimi məsələlər Azərbaycanın milli valyutasının məzənnəsi ilə bağlı mövzuya nəzər salmağı labüd edir. Azərbaycanlı iqtisadçılar hesab edirlər ki, dünyada neftin qiymətində kəskin enmələr qeydə alınarsa, bu, ciddi risklər və narahatlıqlara gətirib çıxara bilər.
Publika.az xəbər verir ki, İqtisadçı Pərviz Heydərov mövzu ilə bağlı "Trend"ə açıqlamasında bildirib ki, manatın məzənnəsi, yəni onun digər valyutalara nəzərən dəyəri üzən məzənnə rejimi əsasında müəyyənləşmir - formalaşmır.
Onun sözlərinə görə, bu da ondan irəli gəlir ki, ölkəyə valyuta gəlirləri şaxəli xarakter daşımır və yalnız, bir kanal vasitəsilə təmin edilir: "Odur ki, xarici valyuta təklifi ancaq və ancaq bir mənbədən asılıdır. Bu da Dövlət Neft Fondudur, yəni ARDNF. Adı çəkilən quruma da xarici valyuta neft satışından daxil olduğu üçün əsas xarici valyuta qismində vəsait ABŞ dolları ilə əldə olunur. Odur ki, manat əslində, ABŞ valyutasından başqa heç bir xarici valyutaya bağlı deyil desək, daha düzgündür. Digər valyutalara münasibətdə dəyər də məhz dollara əsasən müəyyənləşir. Bir sözlə, demək istədiyim odur ki, ölkəmizdə milli pul vahidimizin dəyəri inzibati qaydada tənzimlənir".
Manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır...
İqtisadçı hesab edir ki, ölkədə neftin qiyməti yaxşı olduğu təqdirdə və çoxlusayda dollar daxil olduqda Mərkəzi Bank keçirdiyi hərraclarda müvafiq rıçaqlarla manatın dəyərə minməsinə mane olur, əksinə olduqda isə ucuzlaşmasına imkan vermir: "Sterilizasiya da qeyd olunan rıçaqlardan məhz birini təşkil edir və manatın məzənnəsinin inzibati qaydada qorunub saxlanılması üçün istifadə olunur.
Ümumiyyətlə, manatın dəyərə minməsini saxlamaq və bunun qarşısını almaq asandır. Belə ki, bundan ötrü dollar alışı həyata keçirmək kifayətdir. Bu, rəsmi valyuta ehtiyatlarının yüksəlməsi ilə nəticələnir. Məzənnənin enməsi təhlükəsi reallaşdıqda isə bunun qarşısını uzunmüddətli şəkildə almaq mümkün deyil. Çünki bu vaxt xarici valyuta ilə intervensiyaya ehtiyac yaranır ki, bu da rəsmi ehtiyatların həcminə bağlı bir məsələdir.
Məsələ bundadır ki, 2024-cü ildə valyuta bazarımızda sabitlik olub və Mərkəzi Bankın keçirdiyi bütün hərraclarda valyutaya tələb tam qarşılanıb. 2024-cü ilin sonuna Mərkəzi Bankın valyuta ehtiyatları 11 mlrd. ABŞ dolları təşkil edib. O səbəbdən ki, neftdən daxil olan valyuta vəsaitləri qənaətbəxş olub".
İqtisadçının fikrincə, sözügedən tendensiyanın ən azından bu ilin ikinci yarısınadək də davam edəcəyi şübhə doğurmur: "Lakin ABŞ-nin yeni prezidenti D. Tramp hələ birinci Prezidentliyi dövründə Səudiyyə Ərəbistanı başda olmaqla, OPEC-i qiymətləri süni şəkildə 60 ABŞ dollarından yüksəkdə tutmaqda günahlandırırdı. D. Trampa görə neftin dünya bazar qiymətləri 50 dollardan aşağı olmalıdır. Bu, cari ildə olmasa da, növbəti ildə gerçəkləşə bilər. Hər şey mövcud geosiyasi münaqişələrin gedişatından asılı olacaq".
"O ki qaldı sterilizasiya əməliyyatlarına, yaxın perespektivdə bir sıra aspektlər nöqteyi-nəzərindən, hesab edirəm, buna çox lüzum olmayacaq. Mərkəzi Bank 2024-cü ildə sterilizasiya əməliyyatlarının həcmini kəskin azaldıb. Ümumiyyətlə, Mərkəzi Bankın emissiya etdiyi notların həcmi ötən il 6.3 dəfə azalıb ki, cari ildə də vəziyyətin oxşar qalacağı şübhə doğurmur. Yeri gəlmişkən, 2024-cü ilin dekabr ayında büdcə xərclərinin icrası pul bazasının 1.7% artımına səbəb olub ki, bu da böyük rəqəm deyil", - P. Heydərov fikrini tamamlayıb.
Dolların güclənməsi və eyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi proqnozları manata təzyiqlərin yaranması ilə nəticələnə bilər...
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, Donald Trampın hakimiyyətə gəlməsindən sonra təbii olaraq dolların güclənməsi və eyni zamanda neft-qaz qiymətlərinin aşağı düşməsi ilə bağlı ehtimallar yüksəlib.
O bildirib ki, bu da manata müəyyən qədər təzyiqlərin yaranması ilə nəticələnə bilər: "Amma nəzərə almaq lazımdır ki, hökumət ölkədə makroiqtisadi tarazlığın qorunub saxlanması üçün manatın məzənnə stabilliyinə üstünlük verməkdədir. Son bir neçə ildə bu istiqamətdə gərgin işlərin aparıldığını biz görürük. Həmçinin, qarşıdakı dönəmdə də ölkənin həm valyuta ehtiyatları, həm də strateji tədbirlər çoxluğu imkan verir ki, manatın məzənnə stabilliyi qorunub saxlanılsın. Yəni hazırki makroiqtisadi vəziyyətdə dünya bazarında olan risklərin mövcudluğuna rəğmən manata olan təzyiqin hökumət tərəfindən qarşılanması üçün hər hansısa bir çətinliyin olmadığını deyə bilərik".
"Təbii ki, bütün hallarda son qərar yenə də hökumətin olacaq. Amma manatın devalvasiyası ilə bağlı zəruri addımların atılmasına hazırki iqtisadi şəraitdə heç bir ehtiyac yoxdur", - deyə E. Əmirov qeyd edib.