Azərbaycanda avtomobillərin utilizasiyasını həyata keçirən yalnız bir qeydiyyatdan keçmiş utilizator mövcuddur ki, o da Bakıdadır. Bəs bölgələrdə utilizasiya sistemi necə həyata keçirilir? Vətəndaşlar hansı problemlərlə qarşılaşırlar? Mövzu ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Metbuat.az-a açıqlamasında bildirib ki, utilizatorların sayının artması birbaşa olaraq utilizasiya prosesinə ayrılan şərtlərdən və məbləğlərdən asılıdır: “Burada utilizatorun qazancı hələ ki yalnız utilizasiya gedən avtomobilin metalından əldə etdiyi gəlirdir və bu da o qədər böyük məbləğ deyil. Utilizatorlar üçün bu, rentabelli və sərfəli olmalıdır. Bu iş həmçinin vətəndaş üçün də sərfəli olmalıdır ki, o, istifadə etmədiyi avtomobilini 1500 manat vauçer müqabilində utilizasiyaya göndərsin. Düşünürəm ki, utilizasiya layihəsi yaxşıdır, əlverişlidir, vətəndaşyönümlüdür. Çünki utilizasiya prosesi bizdə həm də könüllü formada həyata keçirilir, yəni məcburi deyil”. Ekspertin sözlərinə görə, utilizasiya layihəsinin bir proqram olaraq yaxın vaxtlarda təkmilləşdirilməsinə ehtiyac var: “Biz “Təmiz şəhər”ə təkliflərimizi vermişik və ümid edirik ki, o təkliflər nəzərə alınacaq. Əvvəla, utilizatorlara dövlət tərəfindən müəyyən dəstək olunmalıdır. Eyni zamanda utilizasiyaya göndərilən nəqliyyat vasitəsinə görə verilən məbləğlər artırılmalıdır. 2025-ci ilin büdcəsində utilizasiya fonduna 50 milyon manat ayrılacaq. Bu da sevindirici haldır ki, bu maliyyə utilizasiya prosesinin daha da təkmilləşməsinə xərclənə, inkişaf etdirilə bilər”. E.Cəfərov bölgələrdə utilizasiya prosesindən də danışıb: “Bölgələrdə utilizatorlar mövcud deyil, ümumiyyətlə, utilizasiya məntəqələri də yoxdur. Ona görə yaxşı olardı ki, bölgələrdə utilizasiya məntəqələri yaradılsın və avtomobili utilizasiyaya vermək istəyən şəxslər həmin məntəqələr vasitəsilə avtomobilləri utilizasiyaya göndərsinlər. Yaxud imkan varsa, utilizasiya proses hər hansı bir digər bölgələrdə də həyata keçirilə bilər. Ancaq vətəndaşlar utilizasiya prosesində hər hansı bir problemlə üzləşmirlər, hər şey qarşılıqlı razılaşma əsasında həyata keçirilir”. Sevinc İbrahimzadə / Metbuat.az