AZ

Hansı markadan olan avtomobillər etibarlıdır? - AÇIQLAMA

Azərbaycan əhalisi son illərdə avtomobil alışılarını artırıb. Rəsmi dövlət statistikasına əsasən, beş il ərzində ölkəmizdə minik avtomobillərinin sayı 370 min ədədə yaxın və ya 31 faiz artıb. 


Sfera.az xəbər verir ki, əvvəlki dövrlərdən fərqli olaraq son bir neçə ildə Azərbaycana idxal edilən avtomobillər ənənəvi ölkələrlə yanaşı Çin, Amerika və digər regionlardan da gətirilir. Digər regionlardan gətirilən avtomobillərin sayında sürətli artım müşahidə olunur. 

 

Avtomobil almaq istəyən şəxsləri indi bir sual düşündürür: avtomobil alan zaman hansı ölkənin istehsalı olan avtomobillərə üstünlük verilməlidir?

 

Avtomobil sahəsi üzrə ekspert Raqif Raufoğlu saytımıza açıqlamasında bildirdi ki, indiki dövrdə avtomobil alan zaman avtomobilin markası ilə yanaşı onun istehsal edildiyi ölkəyə də diqqət yetirilməlidir. Ekspert istehsal ölkəsinə görə avtomobillərin qiymətinin və keyfiyyətinin fərqli olduğunu söylədi:

 

 “Çin son illərdə xarici ölkələrə avtomobil ixracını artırıb. Çindən ixrac olunan avtomobillər arasında yerli markalara aid olan avtomobillərlə yanaşı Almaniya, Yaponiya, Koreya və ABŞ-yə aid olan ənənəvi markalar da var. Azərbaycan bazarında da ənənəvi markaların Çin istehsalı olanı və ya rəsmi nümayəndəliyin mənşə ölkələrindən gətirdiyi avtomobillər də satılır. Müqayisə apardıqda görürük ki, tanınmış markanın, məsələn “Volkswagen”in Çin və Almaniya istehsalı arasında keyfiyyət fərqi var. Çində istehsal olunan “Volkswagen”lər daha ucuzdur.  Ustalar müayinə edəndə məlum olur ki, hətta Çin və mənşə ölkənin istehsal etdiyi eyni marka avtomobillərin metalının qalınlığında, hissənin möhkəmliyində fərq var. Bu fərq avtomobilin qiymətinə təsir edir.  Buna görə də ənənəvi markalara aid olan avtomobili alanda çalışmaq lazımdır ki, onun öz mənşə ölkəsində istehsal olunub-olunmamasına diqqət yetirilsin. Məsələn, əvvəl “Nissan” avtomobilləri yalnız Yaponiyadan gətirilirdi. Buna görə də onlar çox keyfiyyətli idi. Sonra yaponlar Meksika və digər ölkələrdə də yığımlara başladılar. Nümayəndəlik də qiymət rəqabətinə uyğunlaşmaq üçün Yaponiyadan kənar ölkələrdə istehsal edilən nümunələri gətirməyə başladı. Biz görürük ki, başqa ölkələrdə yığılan “Nissan”lar artıq əvvəlki keyfiyyətdə deyil”. 

 

R.Raufoğlu dedi ki, Çin avtomobillərinə münasibətdə isə bir qədər fərqli vəziyyət var. Onun sözlərinə görə, Çində avtomobil istehsalı ilə məşğul olan şirkətlər çoxdur və onlar müxtəlif markalara sahibdirlər. Ekspert qeyd etdi ki, Çinin yerli avtomobilini alan zaman onun özünü doğruldub-doğrultmamasına fikir verilməlidir:  

 

“Çin avtomobillərində də yaxşı, keyfiyyətli məhsul istehsal edən marka sahibləri var. Lakin bu avtomobillərdən Azərbaycana az gətirilir.  Çində ən çox satış həyata keçirən milli markaların ilk onluğu açıqlanıb. Baxırıq ki, ilk onluqda Azərbaycana idxal edilən avtomobillərin heç biri yoxdur. Hazırda Azərbaycanda Çin markalarının bumu yaşanır. Amma bir neçə ildən sonra hansı Çin avtomobilinin daha yaxşı olmasına dair qəti rəy formalaşacaq. Buna görə də hər Çin avtomobilini alan zaman onun təchizat məsələlərinə diqqət yetirilməlidir. Məsələn, bir şəxs 2 il əvvəl Çin markasına aid avtomobil almışdı. Həmin markanın Azərbaycan nümayəndəliyi də var idi. Bu gün artıq həmin nümayəndəlik yoxdur. O sürücü artıq narahatdır, qorxur ki, avtomobildə bir problem olsa, onu həll edə bilməyəcək. Çünki ənənəvi mağazalarda onların ehtiyat hissələri satılmır. Bu kimi halları nəzərə alaraq gələcəkdə Azərbaycanın Çin avtomobillərinin ölüxanasına çevrilməməsi üçün Çindən alınan yerli avtomobilləri ətraflı öyrənmək lazımdır. Əgər şəxs alacağı avtomobili uzun müddət sürmək fikrindədirsə, məsləhətdir ki, həmin şəxs ənənəvi markalara aid avtomobil alsın”. 


Bəs, Azərbaycan vətəndaşları daha çox hansı markalara aid olan avtomobilləri alır? 

 

Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlar əsasında apardığımız araşdırma göstərir ki, ölkəmizdə daha çox Cənubi Koreya avtomobillərinə tələb var.  2023-cü ilə dair genişləndirilmiş məlumata əsasən ölkəmizdə olan minik avtomobillərinin sayı bir ildə 82,1 min ədəd artıb. Artan sayın 37 min ədəddən çoxu Koreya avtomobillərinin payına düşüb. Koreya avtomobillərindən “Hyundai” markasına aid olan avtomobillərin sayı 20,22 min ədəd, KİA avtomobillərinin sayı 17,1 min ədəd artıb. İkinci ən çox seçilən marka Yaponiya istehsalı olan avtomobillərdir. Bir ildə 16 599 ədəd yapon maşını idxal edilib. Yaponiya avtomobilləri arasında “Toyota”ya (9664 ədəd), “Nissan”a (3784 ədəd), “Honda”ya (1586 ədəd), “Lexsus”a (1060 ədəd) tələb böyükdür.   

 

Almaniya istehsalı olan avtomobillərə də tələb yüksəkdir. Bir ildə 14 137 ədəd Almaniyaya məxsus olan markalar üzrə avtomobil idxal edilib. Ən çox alınan alman minik avtomobili BMW (5252 ədəd), “Mercedes” (4019 ədəd), “Opel” (2907 ədəd) və “Volkswagen” (1577 ədəd) olub. 

 

İdxal edilən ABŞ avtomobillərinin sayı 6105 ədəddir. Bir ildə 3768 ədəd “Chevrolet”, 2156 ədəd “Ford” alınıb. İdxal edilən Çin markalarına aid olan avtomobillərin sayı isə 3632 ədəd təşkil edib. Çin avtomobillərindən daha çox “Changan” (1740 ədəd) alınıb. 

 

Ekspertin rəyi və statistika göstərir ki, Azərbaycanda Cənubi Koreya, Yaponiya, Almaniya və ABŞ avtomobilləri daha çox alınır. 

 

Vasif

Seçilən
0
14
sfera.az

10Mənbələr