ABŞ Federal Ehtiyat Sisteminin (FRS) Açıq Bazar Komitəsi(FOMC) baza dərəcəsini 4,25-4,5 faiz səviyyəsində saxlamaq barədə qərar qəbul edib.
Musavat.com tənzimləyicinin açıqlamasına istinadən xəbər verir ki, Komitənin bütün üzvləri pul siyasəti ilə bağlı qərarın lehinə səs veriblər.
Bildirilir ki, Komitə maksimum məşğulluğun dəstəklənməsinə və inflyasiyanın 2 faizlik hədəfinə qaytarılmasına qətiyyətlə sadiqdir.
FED rəhbəri Cerom Pauellin açıqlamasına görə, ölkədə iqtisadi aktivlik inamlı templə artmaqda davam edir. Son aylarda işsizlik aşağı səviyyədə sabitləşib, əmək bazarı konyukturları sabitdir, inflyasiya isə bir qədər yüksək olaraq qalır. Buna görə də tənzimləyici faiz dərəcəsini endirməyə tələsməyəcək.
ABŞ mərkəzi bankının növbəti faiz iclasının nəticələri 19 fevral 2025-ci ildə dərc olunacaq və yenilənmiş makroiqtisadi proqnozlarla müşayiət olunacaq.
Qeyd edək ki, əksər analitiklər faiz dərəcələrinin 0,25 baza bəndi azaldılacağını gözləyirdilər.
FED-in faizləri dəyişməməsi yeni prezidentin xarici ticarətdə gözlənilən addımlarının təsirlərini qiymətləndirmək üçün vaxt qazanılması kimi qiymətləndirilir. Çünki Donald Trampın fevraldan bir sıra ölkələrə tətbiq edəcəyi gözlənilən yüksək idxal tariflərinin ABŞ-da inflyasiyanı sürətləndirəcəyi proqnozlaşdırılır. Bu şəraitdə FED-in uzun müddət faizləri endirməyəcəyi gözlənilir ki, bu da qlobal bazarlar üçün ciddi mənfi siqnal hesab edilir.