"Tesla" 2024-cü ilin son rübünə dair maliyyə hesabatını açıqlayıb.
Valyuta.Az "Bloomberg"ə istinadla xəbər verir ki, şirkətin məlumatına görə, 2024-cü ilin IV rübündə gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2% artaraq 25,7 milyard dollara yüksəlib. "Tesla" 2023-cü ilin IV rübündə 25,2 milyard dollar gəlir əldə etmişdi.
Elektrikli avtomobil istehsalçısının xalis mənfəəti isə eyni dövrdə 71% azalaraq 2,3 milyard dollara düşüb. "Tesla"nın 2023-cü ilin IV rübündə xalis mənfəəti 7,9 milyard dollar olmuşdu.
Şirkətin əvvəlki ilin eyni dövründə 2,27 dollar olan hər səhmə düşən mənfəəti də ötən ilin son rübündə 66 sentə qədər azalıb.
Beləliklə, "Tesla"nın 2024-cü ilin son rübündə əldə etdiyi gəlir və mənfəət bazar gözləntilərinin altında qalıb.
Ötən il ərzində elektrikli avtomobil istehsalçısının ümumi gəliri 1% artaraq 97,7 milyard dollara çatıb. Eyni dövrdə şirkətin xalis mənfəəti isə 53% azalaraq 7,1 milyard dollara enib.
Azalan istehsal...
"Tesla" 2024-cü ilin son rübündə qlobal miqyasda 459 445 avtomobil istehsal edib və 495 570 avtomobilin çatdırılmasını həyata keçirib.
Şirkətin avtomobil istehsalı bu dövrdə illik müqayisədə 7% azalarkən, çatdırılan avtomobil sayı isə 2% artıb.
2024-cü ildə "Tesla"nın ümumilikdə istehsal etdiyi avtomobil sayı 4% azalaraq 1 773 443-ə düşüb. Çatdırılan avtomobil sayı da ötən il 1% azalaraq 1 789 226 olub.
Şirkətin robotaksi planı...
"Tesla"nın açıqlamasında ötən ilin son rübünün həm avtomobil çatdırılması, həm də enerji saxlama sistemlərinin paylanması baxımından rekord dövr olduğu vurğulanıb.
Bu ilin şirkət tarixində mühüm bir il olacağı qeyd olunan açıqlamada, "Nəzarətli tam avtonom sürüş texnologiyası sürətlə inkişaf etməyə davam etdiyi üçün müştərilərimiz və ABŞ-nin bəzi bölgələri üçün bu ilin sonlarında istifadəyə veriləcəyi gözlənilən robotaksi xidmətimizdə nəzarətsiz tam avtonom seçimi olacaq. 2025-ci ildə isə Avropa və Çində nəzarətli tam avtonom texnologiyanı istifadəyə vermək üçün işlərimizi davam etdiririk" ifadələri yer alıb.
Rəhim