Maliyyə təqvimində 31 dekabrda başa çatan üç aylıq dövrü 2025-ci maliyyə ilinin II rübü kimi qəbul edən "Microsoft" öz maliyyə hesabatını təqdim edib.
Valyuta.Az xəbər verir ki, şirkətin açıqladığı məlumata görə, 2024-cü ilin oktyabr-dekabr aylarında gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 12% artaraq 69,6 milyard dollara yüksəlib. "Microsoft" əvvəlki ilin eyni dövründə 62 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti də həmin dövrdə 10% artaraq 24,1 milyard dollara çatıb. 2023-cü ilin eyni dövründə bu göstərici 21,9 milyard dollar təşkil etmişdi.
"Microsoft"un hər səhm üçün mənfəəti bu müddətdə 2,93 dollardan 3,23 dollara yüksəlib.
Şirkətin gəliri və mənfəəti həmin dövrdə gözləntiləri üstələyib.
Bu dövrdə "Microsoft"un "Azure" və digər bulud xidmətlərindən əldə etdiyi gəlir 31% artıb. Bununla belə, bulud xidmətlərindən gəlirin artım tempi əvvəlki rüblə müqayisədə bir qədər zəifləyib.
"Microsoft"un baş icraçı direktoru Satya Nadella şirkətin maliyyə nəticələri ilə bağlı açıqlamasında texnologiya infrastrukturunun bütün sahələrində yenilik etdiklərini və müştərilərin süni intellektin investisiya potensialından maksimum faydalanmasına kömək etdiklərini bildirib.
Nadella, süni intellekt sahəsindəki gəlirlərin illik 13 milyard dolları keçdiyini və əvvəlki illə müqayisədə 175% artdığını qeyd edib.
Rəhim