AZ

Boqomolski: Millilərimiz bərabər gücdədir – MÜSAHİBƏ

Hazırda Misli Premyer Liqasında iki belaruslu futbolçu çıxış edir ki, onlardan biri “Neftçi”nin hücumçusu Yeqor Boqomolskidir.

Msport.az xəbər verir ki, 24 yaşlı forvard hətta 2022-ci ildə Belarus millisinin heyətində 6 oyunda iştirak edib.

O, UEFA Millətlər Liqasının 2022/2023 mövsümündə keçirilən Azərbaycan – Belarus (2:0) qarşılaşmasının da iştirakçılarından olub.

Yeqor Boqomolski qarşıdakı oyunla bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

 

– Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə hansı hissləri keçirdiniz?

– Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq.

 

– Minsk “Dinamo”su bu mövsüm UEFA Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Bu amil Belarus yığmasına kömək edə bilərmi?

– Sizinlə razıyam. Millimizdə “Dinamo”dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək.

 

– Artıq 3 ilə yaxındır ki, Azərbaycandasınız. Oyunöncəsi millidəki komanda yoldaşlarınıza hansısa məsləhətləriniz olacaq?

– Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm.

 

– Bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyiniz müdafiəçi kimdir?

– Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim.

 

– Sizcə, Azərbaycan millisinin üstün və zəif cəhətləri nələrdir?

– Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var.

 

– Belarus millisinə 2023-cü ildən Karlos Alos baş məşqçilik edir. İspaniyalı mütəxəssis komandada nələrisə dəyişə bilib?

– Komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdir.

 

– Həm Belarus, həm də Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Yoldaşlıq oyununun seçmə mərhələyə hazırlıq zamanı nə kimi faydaları olacaq?

– Komandalarımız təxminən bərabər gücdədirlər. Ona görə də bu oyun hər iki millinin seçmə mərhələyə hazırlığına xeyir verəcək.

Seçilən
117
6
msport.az

9Mənbələr