AZ

Yeqor Boqomolski: “Nəsə lazım olsa, kömək edəcəyəm”

Azərbaycan Premyer Liqasında çıxış edən “Neftçi”nin belaruslu hücumçusu Yeqor Boqomolski AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

Arena.az xəbər verir ki, hazırda Azərbaycanda Premyer Liqasında iki belaruslu futbolçu çıxış edir ki, onlardan biri “Neftçi”nin hücumçusu Yeqor Boqomolski, digəri isə “Kəpəz”in müdafiəçisi Yeqor Xvalkodur.

Yeqor Boqomolski indi milliyə dəvət almasa da, əvvəllər bu komandanın şərəfini qoruyub. Belə ki, 24 yaşlı forvard 2022-ci ildə Belarus millisinin heyətində 6 oyunda iştirak edib. O, UEFA Millətlər Liqasının 2022/2023-cü illər mövsümündə keçirilmiş Azərbaycan – Belarus (2:0) qarşılaşmasının da iştirakçılarından olub.

Yeqor Boqomolski bu gün keçiriləcək Azərbaycan – Belarus yoxlama oyunu ilə bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.

– Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə hansı hissləri keçirdiniz?
– Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq.

– Minsk “Dinamo”su bu mövsüm UEFA Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Bu amil Belarus yığmasına kömək edə bilər?
– Sizinlə razıyam. Millimizdə “Dinamo”dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək.

– Artıq 3 ilə yaxındır ki, Azərbaycandasınız. Oyunöncəsi millidəki komanda yoldaşlarınıza hansısa məsləhətləriniz olacaq?
– Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəyəm.

Yeqor Boqomolski millimizdə iki futbolçunu fərqləndirdi

– Bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyiniz müdafiəçi kimdir?
– Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim.

– Sizcə, Azərbaycan millisinin üstün və zəif cəhətləri nələrdir?
– Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var.

– Belarus millisinə 2023-cü ildən Karlos Alos baş məşqçilik edir. İspaniyalı mütəxəssis komandada nələrisə dəyişə bilib?
– Komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdir.

– Həm Belarus, həm də Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Yoldaşlıq oyununun seçmə mərhələyə hazırlıq zamanı nə kimi faydaları olacaq?
– Komandalarımız təxminən bərabər gücdədirlər. Ona görə də bu oyun hər iki millinin seçmə mərhələyə hazırlığına xeyir verəcək.

Seçilən
133
6
arena.az

9Mənbələr