Hazırda Misli premyer-liqasında iki belaruslu futbolçu çıxış edir ki, onlardan biri “Neftçi”nin hücumçusu Yeqor Boqomolskidi. 24 yaşlı forvard 2022-ci ildə Belarus millisinin heyətində 6 oyunda iştirak edib.
O, UEFA Millətlər Liqasının 2022/23 mövsümündə keçirilən Azərbaycan – Belarus (2:0) qarşılaşmasının da iştirakçılarından olub.
"Football-plus.az" xəbər verir ki, Boqomolski bu gün keçiriləcək Azərbaycan – Belarus yoldaşlıq oyunu ilə bağlı AFFA-nın mətbuat xidmətinə müsahibə verib.
- Azərbaycan və Belarus milli komandaları arasında yoldaşlıq görüşünün keçiriləcəyi barədə məlumatı eşidəndə hansı hissləri keçirdiniz?
- Belarus və Azərbaycan milliləri arasında yoldaşlıq oyununun olacağını öyrəndikdə sevindim. Çünki hər iki komandada çoxlu tanışlarım var. Həmin oyunu izləmək maraqlı olacaq.
- Minsk “Dinamo”su bu mövsüm Konfrans Liqasındakı ev oyunlarını Sumqayıtda keçirdi. Bu amil Belarus yığmasına kömək edə bilər?
- Sizinlə razıyam. Millimizdə “Dinamo”dan çoxlu futbolçular olur. Onlar artıq Azərbaycanı tanıyırlar. Yəqin ki, bu, komandaya nisbətən kömək edəcək.
- Artıq 3 ilə yaxındı ki, Azərbaycandasınız. Oyunöncəsi millidəki komanda yoldaşlarınıza hansısa məsləhətləriniz olacaq?
- Yığmada kifayət qədər təcrübəli futbolçular var. Əlbəttə ki, onlara hansısa kömək lazım olsa, bunu edəcəm.
- Bir hücumçu olaraq Azərbaycan millisində ən çox çəkindiyiniz müdafiəçi kimdi?
- Elvin Cəfərquliyev və Bəhlul Mustafazadəni xüsusi vurğulamaq istərdim.
- Sizcə, Azərbaycan millisinin üstün və zəif cəhətləri nələrdi?
- Sizin texniki cəhətdən yaxşı futbolçulardan qurulmuş kifayət qədər güclü milliniz var.
- Belarus millisinə 2023-cü ildən Karlos Alos baş məşqçilik edir. İspaniyalı mütəxəssis komandada nələrisə dəyişə bilib?
- Komandamızın nəticələri yaxşılaşıb. Təbii ki, buna görə baş məşqçi də tərifə layiqdi.
- Həm Belarus, həm də Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsinə hazırlaşır. Yoldaşlıq oyununun seçmə mərhələyə hazırlıq zamanı nə kimi faydaları olacaq?
- Komandalarımız təxminən bərabər gücdədirlər. Ona görə də bu oyun hər iki millinin seçmə mərhələyə hazırlığına xeyir verəcək.