Bir sıra ölkə Bolu vilayətində yerləşən Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğınla əlaqədar Türkiyəyə başsağlığı verib.
Almaniya kansleri Olaf Şolz və xarici işlər naziri Annalena Berbok Türkiyədəki yanğın hadisəsi ilə bağlı dərin kədər hissi keçirdiklərini bildirərək, xəsarət alanlara şəfa diləyiblər.
Fransanın xarici işlər naziri Jan-Noel Barrot rəsmi ''X'' internet səhifəsindəki paylaşımında: "Fransa türk xalqının ağrı-acısına şərikdir" ifadəsini işlədib.
Suriyadakı yeni administrasiyanın Xarici İşlər Nazirliyinin rəsmi ''X'' səhifəsində edilən paylaşımda isə: "Qardaş türk xalqı hər zaman yanımızda olub və ən çətin anlarımızda bizə dəstək verib. Suriyalılar həm bu gün, həm də sabah türk qardaşlarının yanındadır" deyilib.
Çexiyanın baş naziri Petr Fiala, Slovakiyanın xarici işlər naziri Juraj Blanar və Venesuelanın xarici işlər naziri Yvan Gil də bu faciə ilə bağlı kədərləndiklərini ifadə ediblər.
Kolumbiya Xarici İşlər Nazirliyi isə rəsmi internet səhifəsində etdiyi paylaşımda, Türkiyə hökuməti və xalqı ilə həmrəy olduqlarını bildirib.
Bəhreyn, Misir, Əlcəzair və İraq da Boludakı Kartalkaya xizək mərkəzindəki hoteldə baş verən yanğında həyatını itirənlərlə əlaqədar Türkiyəyə başsağlığı veriblər.