Bakı, TurkicWorld
ABŞ-ın keçmiş prezidenti Donald Trampın 2021-ci il yanvarın 6-da Konqresə hücumu səbəbindən Facebook hesabının bağlanması ilə əlaqədar açdığı iddia üzrə razılaşma əldə edilib.
TurkicWorld xəbər verir ki, Meta bu razılaşma çərçivəsində təxminən 25 milyon dollar ödəyəcək.
Mənbələrin bildirdiyinə görə, Metanın ödəyəcəyi məbləğin 22 milyon dolları Trampın “prezident kitabxanası”na sərf olunacaq, qalan hissə isə işdə iştirak edən digər şəxslərə və hüquqi xərclərə ayrılacaq.
Facebook, Instagram və WhatsApp-ın ana şirkəti olan Meta federal məhkəməyə iş üzrə razılaşma əldə edildiyini təsdiqləyən bildiriş təqdim edib. Şirkətin Kommunikasiyalar üzrə direktoru Endi Stoun da bu razılaşmanın şərtlərini təsdiqləyib.
Belə ki, Donald Tramp 2021-ci ilin iyul ayında Facebook, Twitter (hazırda X) və YouTube-un sahibi Google-a qarşı məhkəmə iddiası qaldıracağını açıqlamışdı. O, bu platformaların ona senzura tətbiq etdiyini bildirərək, bu şirkətləri "ABŞ hökumətinin faktiki senzura qolu" kimi xarakterizə etmişdi.
Xatırladaq ki, Twitter, YouTube və Facebook 2021-ci il yanvarın 6-da Trampın Konqresə hücumda iştirak etdiyi və 2020-ci il prezident seçkilərində qanun pozuntuları törətdiyi iddiaları ilə onun hesablarını bloklamışdı. Daha sonra bu platformalar Trampın hesablarını tamamilə bağlamışdı.